az
en
Bu gün: 07 Avqust 2020
Muzeydə Zaqatala qalasının fotoneqativi qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Zaqatala qalasının fotoşəklinin neqativi saxlanılır (İnv. 7041, fotoqraf Solomon Kulişov). Qeyd edək ki, 1804-cü ildə Car-Balakən camaatlığı Rusiya tərəfindən işğal edildikdən sonra, onun hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirir. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general Paskeviçin əmri ilə tikilmişdir. Qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü: Qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi. Qalada daimi olaraq 2500, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman 8-10 minə qədər əsgər yerləşdirilmişdi. 1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Lakin belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqlarda, ucqar bir yerdə olması imperator II Nikolayın yadından çıxmamışdı. 1905-ci ilin iyununda üsyan etmiş Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi. 1917-ci ilin sosialist inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtmalı oldular. Cümhuriyyət dövründə Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu piyada polku yerləşdirilmişdi. 1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti işğal edildi, ölkədə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Bolşeviklər Azərbaycan ordusunun yüksək rütbəli hərbçilərini həbs etməyə başladılar. Xalqın sovet rejimindən narazılığını getdikcə artırdı. Cümhuriyyətin tanınmış xadimlərindən biri, peşəkar hərbçi Əhməd bəy Dibirov və bölgənin nüfuzlu şəxsiyyətlərindən olan Molla Hafiz Əfəndi sovet rejiminə qarşı çıxanlara başçılıq edirdilər. Üsyan amansızlıqla yatırıldı. Lakin zaqatalalılar silahı yerə qoymadılar. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatalada yenidən kəndli üsyanı oldu. Üsyançılar iki gün bölgəni əllərində saxladılar. Üsyana Əhməd bəy Dibirov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra Əhməd bəy mühakimə olundu. Məhkəmədə ona edam qərarı oxundu. 1932-ci ildə banditizmə qarşı mübarizə aparan Dövlət Siyasi İdarəsi burada yerləşirdi. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, tütün kombinatı, rayon mərkəzi xəstəxanası, 1967-ci ildən diyarşünaslıq muzeyi, mebel fabriki, 1№-li internat məktəbi, “Gənc Texniklər Stansiyası” fəaliyyət göstərmişdir. Müstəqillik elan olunduqdan sonra Daxili Qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli, 22 saylı qərarına əsasən Zaqatala qalası tarix-mədəniyyət qoruğu elan olunmuşdur.
Elanlar