az
en
Bu gün: 22 Sentyabr 2020
Muzeydə H.Z.Tağıyevin irsi qorunur, tədqiq və təbliğ edilir
Görkəmli Azərbaycan xeyriyyəçisi H.Z.Tağıyevin şəxsi malikanəsində yerləşən Milli Azərbaycan Tarixi Muzeyində bu dahi şəxsiyyətin irsi mühafizə olunur, öyrənilir və təbliğ edilir. Bu istiqamətdə Muzey tərəfindən bəzi nəşrlər olmuşdur ki, onları sizin diqqətinizə çatdırırıq: 1. “Hacı Zeynalabdin Tağıyev” adlı kitab-albom (İstanbul, 2010, 241 s.) Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi münasibətilə “BP-Azərbaycan” şirkətinin dəstəyi ilə çap edilmişdir. Ümumi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Kitab-albomda məşhur sahibkar və xeyriyyəçinin həyat və fəaliyyəti haqqında ətraflı bəhs olunur. Nəşrdə yeni, maraqlı sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin hal-hazırda dünyanın müxtəlif guşələrində yaşayan varisləri haqqında məlumatlar təqdim olunub. Akademik Nailə Vəlixanlı, Nərmin Tahirzadə, Fərhad Cabbarov və Məmməd Məmmədovun müəllifliyi ilə hazırlanan bu kitab-albom Azərbaycan və ingilis dillərində tərtib olunub. 2. "H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitab Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr edilmişdir (Bakı, 2011, 392 s., Azərbaycan və rus dillərində). Kitabın elmi redaktoru akademik Nailə Vəlixanlı, müəllifi muzeyin elmi katibi, dosent Fərhad Cabbarovdur. Kitab 1901-ci ildə H.Z.Tağıyevin vəsaiti hesabına açılan ilk dünyəvi rus-müsəlman qız məktəbinin yaranma tarixinə həsr olunub. Kitabda toplanan arxiv sənədləri, o illərin dövrü mətbuatının materialları, xatirələr, fotoşəkillər bu tədris müəssisəsinin XX əsrin əvvəllərində müsəlman dünyasında qadın təhsilinin inkişafı üçün əhəmiyyəti barədə geniş təsəvvür yaradır. Kitab H.Z.Tağıyevin qız məktəbinin 110 illiyi münasibətilə çap olunmuşdur. 3. “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” adlı kitab Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr edilmişdir (Bakı, 2013, 206 s.). Kitabda görkəmli xeyriyyəçi, sahibkar H.Z.Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Həmin xatirə və oçerklər H.Z.Tağıyevin həyat salnaməsini əks etdirməklə yanaşı, onun sahibkarlıq və ictimai fəaliyyəti haqqında geniş təsəvvür yaradır. Kitabın elmi redaktoru akademik Nailə Vəlixanlı, tərtibçisi dosent Fərhad Cabbarovdur. 4.“Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə” adlı kitab-albom (Bakı, 2020, 72 s., Azərbaycan və rus dillərində) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibətilə nəşr edilmişdir. Elmi redaktoru akademik Nailə Vəlixanlı, tərtibçisi dosent Fərhad Cabbarovdur. Albomda böyük xeyriyyəçinin əks olunduğu fotoşəkillərlə yanaşı, onun həyatı ilə bağlı maraqlı faktlar oxucuların diqqətinə təqdim edilir. Nəşr olunan bu kitablar H.Z.Tağıyev irsinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.
Elanlar