az
en
Bu gün: 20 Sentyabr 2020
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi ictimaiyyət üçün açılmışdır
2020-ci ildə bütün mütərəqqi bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi 9 may – Faşizm üzərində Qələbə Günü ərəfəsində “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi hazırlamışdır. Lakin Covid-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin tədbirlərinə görə sərgi ictimaiyyət üçün bağlı olmuşdur. Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının açılması şəraitində faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş sərgi də öz qapılarını açmışdır. Mövcud vəziyyəti nəzərə alaraq sərgi sanitar-profilaktik tədbirlər görülərək açılmışdır. Muzeyin girişində ziyarətçilərin hərarəti ölçülür, əlləri sanitayzerlə dezinfeksiya olunur, gigiyenik maska taxılmasının vacibliyi qeyd edilir. Muzey əməkdaşları sərgi zallarına tamaşaçıları vaxt intervalları ilə buraxırlar ki, içəridə sosial məsafənin saxlanılması tələbinə riayyət olunsun. Sərginin kuratoru, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovun verdiyi məlumata görə, sərginin materialları iki zalda yerləşdirilmişdir. Birinci zalda Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolu əyani olaraq nümayiş olunur, ikinci zalda isə SSRİ, ABŞ və Almaniya ordularının müharidəbə istifadə edilmiş hərbi geyim və ləvazimatları göstərilir. Sərginin 1-ci hissəsi “Azərbaycan müharibə edən tərəflərin planlarında və müharibənin ilk günlərində” adlanır. Burada müvafiq informasiya panelində faşist və antifaşist ölkələrinin planlarında Azərbaycana ayrılmış yer, Molotov- Ribbentrop planının xüsusiyyətləri, Almaniya ordusunun “Barbarossa” planının xəritəsi verilmişdir. Vitrində Sovet İttifaqı Qəhrəmanı, əslən Azərbaycandan olan kəşfiyyatçı Rixard Zorgenin fəaliyyəti, 1941-ci ilin iyun – avqust aylarında döyüşlərdə fərqlənmiş azərbaycanlılar, o cümlədən Lenin ordeni ilə təltif edilmiş təyyarəşi Hüseynbala Əliyevlə bağlı eksponatlar, döyüşlərdə həlak olmuş həmvətənlərimizin güllə ilə deşilmiş, qana boyanmış partiya və komsomol biletləri, azərbaycan dilində tərtib edilmiş hərbi təlimatların nümunələri təqdim edilir. Ayrıca vitrində Brest qalası uğrunda qedən döyüşlərdə iştirak etmiş azərbaycanlılara aid materiallar nümayiş olunur. Sərginin 2-ci hissəsi “Azərbaycan iqtisadiyyatı müharibə illərində” adlanır. Burada Azərbaycanın neft sənayesi, digər sənaye sahələri, kənd təsərrüfatının qələbənin qazanılmasında oynadıqları rol haqqında məlumat verilir. İnformasiya panelində Azərbaycan neftinin müharibədəki rolu, Azərbaycan neftçilərinin fədakar əməyi, dövrün tanınmış şəxsiyyətlərinin Azərbaycan neftçilərinin zəhmətinə verdiyi yüksək qiymət göstərilir. Üç vitrində müharibə illərində fərqlənmiş Azərbaycan zəhmətkeşlərinin orden və medalları, arxa cəbhə işçilərinə verilən çörək kartoçkaları, Bakıda fəaliyyət göstərmiş hərbi zavodların istehsal etdiyi məhsulların detalları, diaqramlar, fotoşəkillər, neft avadanlığı nümayiş olunur. Azərbaycan neftçilərinin müharibə illərində göstərdiyi əmək qəhrəmanlığı rəssamlarımızın əsərlərində öz əksini tapmışdır, onlardan bir neçəsi, o cümlədən Xalq rəssamları Maral Rəhmanzadə, Mikayıl Abdullayevin yaratdığı tablolar, burada sərgilənir. Sərginin 3-cü hissəsi “Azərbaycan milli diviziyaları” adlanır. Tamaşaçının diqqətini cəlb edən ilk eksponat məhşur 416-cı Azərbaycan atıcı diviziyasının döyüş bayrağıdır. Sərginin bu hissəsi ayrı-ayrı bloklara bölünüb. Bu bloklarda milli diviziyaların formalaşması, onların SSRİ-nin işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda, Avropada apardıqları döyüşlər və, nəhayət, Berlinin alınmasında iştirakı barədə müvafiq məlumatlar verilir. Tamaşaçı milli diviziyaların komanda heyəti, döyüşlərdə fərqlənmiş döyüşçüləri, diviziyaların döyüş yolu, onların şərəfinə azad etdikləri ərazilərdə qoyulduğu abidələr haqqında müfəssəl məlumat ala bilərlər. Hissənin hər stendində verilən məlumatlar müvafiq vitrinlərdə nümayiş olunan eksponatlarla təsdiqlənir. Bu eksponatlar sırasında şəxsi sənədlər, qəzetlər, təltif nişanları, əmrlərdən çıxarışlar xüsusilə diqqəti cəlb edir. Sərginin 4-cü hissəsi “Azərbaycan sərkərdələri” adlanır. Burada İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov, general-mayor Tərlan Əliyarbəyov, general-mayor Hacıbaba Zeynalov, kontr-admiral Cəlil Cavadovun uniforması, orden və medalları, şəxsi sənədləri nümayiş olunur. Döyüşlərdə görmə qabiliyyətini itirmiş tanınmış süvari zabiti Əliheydər İbrahimova aid silahlar, təltif nişanları və sənədlər də ziyarətçilərin diqqətini cəlb edəcək. Sərginin 5-ci hissəsi “Azərbaycan həkimləri müharibə illərində” adlanır. Burada tanınmış həkim Mustafa Topçubaşovun icad etdiyi aparat, müharibənin müxtəlif cəbhələrində vuruşmuş azərbaycanlı həkimlərə məxsus tibb alətləri, fotoşəkillər nümayiş olunur. Sərginin “Əziz Əliyev müharibə illərində” adlı 6-cı hissəsində görkəmli ictimai və siyasi xadim, müharibə illərində İranda olan Azərbaycan heyətinin rəhbəri olmuş, sonra isə Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin şəxsi sənədləri, orden və medalları, xatirə əşyaları nümayiş olunur, onun fəaliyyəti haqqında məlumat verilir. Sərginin 6-cı hissəsində Cənubi Azərbaycanda baş verən proseslər haqqında məlumat verilir. İrana Sovet və İngiltərə qoşunlarının yeridildiyi şəraitdə burada aparılmış işlər, Cənubi Azərbaycan zəhmətkeşlərinin müharibədə fəal iştirak edən Azərbaycan SSRİ-yə göndərdiyi xatirə və hədiyyə əşyaları tamaşaçıların diqqətini cəlb edəcək. Sərginin 7-ci və 8-ci hissələri “Xəzər hərbi-dəniz donanması müharibə illərində” və “Azərbaycan nəqliyyatı müharibə illərində” adlanır. Məlumdur ki, Azərbaycan nəqliyyatı müharibə illərində böyük fədakarlıq göstərmiş, istər dəniz, istərsə də quru yollarla yüz minlərlə ton yanacaq, müxtəlif yüklər, canlı qüvvə, təxliyyə olunmuş əhali və avadanlıq daşımışdır. Təsadüfi deyil ki, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı məhz nəqliyyatçı olmuşdur: dəmiryolçu Firuddin Ağayev. Onun və digər azərbaycanlı nəqliyyatçıların materiaları müvafiq vitrində nümayiş olunur. Sərginin 9-cu hissəsi “Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları” adlanır. Məlumdur ki, müharibə illərində 123 Azərbaycan vətəndaşı bu yüksək ada layiq görülmüşdür. Sərgidə azərbaycanlı qəhrəmanlara məxsus şəxsi əşyalar, təltif nişanları, sənədlərlə bərabər, Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin naməlum səbəblərə görə bu adı almamış 15 azərbaycanlı haqqında da məlumat verilir. Sərginin “Azərbaycanın elm və mədəniyyət xadimləri müharibə illərində” adlanan 10-cu hissəsində respublikamızın görkəmli neftçi, geoloq, kimyaçı alimlərinin şəxsi əşyaları, təltif olunduğu orden və medallar, sənədləri nümayiş olunur. “Azərbaycan qadınları müharibə illərində” adlı 11-ci hissədə ön cəbhədə vuruşmuş və arxa cəbhədə çalışmış azərbaycanlı qadınlara məxsus əşya və fotoşəkillər nümayiş olunur. İlk azərbaycanlı paraşütçü və təyyarəçi qadın Leyla Məmmədbəyova, ilk azərbaycanlı qadın – qırıcı təyyarəçi Züleyxa Seidməmmədova, ilk snayper azərbaycanlı qadın Ziba Qəniyeva, zərbəçi pambıqçı qadın Bəsti Bağırova, kimyaçı alim İzzət Orucovaya aid eksponatlar xüsusi maraq doğurur. Sərginin “Azərbaycanlılar SSRİ və Avropada partizan hərəkatında” adlı 12-ci hissəsində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, Fransa müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılov, Ukrayna partizan hərəkatının qəhrəmanı Xanlar Babanlı, həmçinin Belarus, Krım, Şərqi və Qərbi Avropada vuruşmuş azərbaycanlı partizanlara aid eksponatlar nümayiş olunur. Ümumilikdə sərginin 1-ci zalında 20-yə yaxın informasiya panelində və 20 vitrində olan eksponatlar, həmçinin 15-ə yaxın açıq eksponat nümayiş olunur. Sərginin 2-ci zalında 26 vitrində manekenlər üzərində uniforma, eləcə də silah və ləvazimat nümayiş olunur. Sərginin ikinci zalında ilk dəfə olaraq müharibə dövrünün uniformaları nümayiş olunur. Belə ki, fərdi kolleksiyaçı Azad Hüseynovun illər boyu topladığı materiallar əsasında Sovet İttifaqı, ABŞ və Almaniya ordularının uniforma və ləvazimatları tərtib edilmişdir. Sərgidə 11 vitrində 22 maneken üzərində müxtəlif qoşun növlərinə aid uniformalar, 4 vitrində isə silah və ləvazimat nümayiş olunur. Həmçinin burada Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, 10-ya yaxın açıq eksponat nümayiş olunur. Muzey əməkdaşlaır tərəfindən tərtib edilmiş “Azərbaycan diviziyalarının döyüş yolu” adlı iriölçülü xəritəsi diqqəti cəlb edir. Xüsusi qeyd etmək lazımdır ki, sərgidə müharibə illərində mövcud olmuş Azərbaycan milli hərbi hissələrinin 10-dan artıq döyüş bayraqları nümayiş olunur. Beləliklə, Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi töhfəni əyani olaraq görməyə imkan verir.
Elanlar