az
en
Bu gün: 20 Sentyabr 2020
Milli Azərbaycan Tarixi Muzeyində yeni ekspozisiyanın qurulmasına başlanılıb
Özünün 100 illiyini yaşayan Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işlərindən sonra yeni ekspozisiyanın qurulmasına başlanılıb. Yeni ekspozisiyada əlavə vitrinlərin qoyulması hesabına nümayiş etdirilən eksponatların sayı əhəmiyyətli dərəcədə artırılacaq. Tarixi eksponatların nümayişi ilə bərabər interaktiv və multimedia vasitələrinin geniş tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, ekspozisiyanın zallarında iriölçülü plazma monitorları, sensorlu ekran və masalar, qoloqrafik təsvirləri göstərən aparatlar artıq quraşdırılıb. Hazırda işlər paralel olaraq bir neçə istiqamətdə aparılır: muzey əməkdaşları virtinlərdə eksponatları yerləşdirir, onlara aid yazı, təsvir və əlavə məlumatları hazırlayır, eyni zamanda İT üzrə mütəxəssislər interaktiv və multimedia avadanlığında yerləşdiriləcək proqramları, təsvir və yazıları tərtib edirlər. İlk növbədə işlər ekspozisiyanın 1-ci zalı olan “Azərbaycanda daş dövrü” adlanan zaldan başlayıb. Əgər təmirdən əvvəl burada bir ədəd proektor var idisə, indi iki ədəd iriölçülü və bir ədəd kiçikölçülü monitorlar quraşdırılıb. Birinci iriölçülü monitorda tarixi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin ardıcıllığı, onların əraziləri nümayiş etdirilir. Zalda quraşdırılmış ikinci iriölçülü monitorda Qobustan və Gəmiqaya qayaüstü təsvirləri haqqında sənədli filmlər göstərilir. 3-cü monitorda Azərbaycanda daş dövründə baş vermiş hadisələr haqqında məlumat verilir. Əgər təmirdən əvvəl zalda 4 iriölçülü vitrin mövcud idisə, yeni ekspozisiyada 4 iriölçülü və 5 ortaölçülü vitrinlər yerləşdirilmişdir. Vitrilərdə muzeyin Arxeologiya fondunda qorunan çoxsaylı eksponatlarla birlikdə, son illərin arxeoloji qazıntıları nəticəsində aşkar edilərək muzeyin kolleksiyasına yeni daxil edilmiş eksponatlar da sərgilənəcək. Zalın 9 vitrinində nümayiş etdiriləcək həmin eksponatların ilk qrupunu Binəqədi gölü, Qazax və Şamaxıdan tapılmış paleontoloji nümunələr təşkil edir. Bu nümunələr arasında qədim canlının çanaq izi olan daş ilk dəfədir ki, nümayiş üçün təqdim olunub. Eksponatların sonrakı qrupunu Azıx, Tağlar, Qazma, Damcılı və digər abidələrdən tapılmış paleolit-mezolit dövrünün tapıntıları təşkil edir: sümük fraqmentləri və daş alətlər. Bu eksponatlar arasında ən qədim nümunələr Quruçay mədəniyyətinə aiddir. Mezolit dövrü əsasən mikrolitlərlə təmsil olunub. Eksponatların bu qrupu arasında indiyədək nümayiş etdirilməyən, yeni daş alətlər də yer alıb. Nəhayət, Daş dövrü zalında nümayiş etdiriləcək eksponatların sonuncu qrupunu neolit-xalkolit dövrü tapıntıları təşkil edir. I Kültəpə, Şomutəpə, Qarğalartəpə, İsmayılbəytəpə, Alxantəpə və digər abidələrdən tapılmış həmin eksponatlar daş məmulatı ilə yanaşı, saxsı, sümük və metal əşyalardan da ibarətdir. Burada dəfn küpü (Qalayeri), keçi təsvirli küp (Ovçulartəpəsi), boyanaxışlı cam (Polutəpə), iki boğazlı qab (Alxantəpə) və ağzı ulduz formalı küp (Polutəpə) Daş dövrü zalının yeni eksponatlarındandır. Hazırda Daş dövrü zalında hazırlıq işlərinin növbəti mərhələsi yerinə yetirilir: eksponatlar xüsusi podiumlar üzərində qurulur, nömrələnir, annotasiyalar hazırlanır, illüstrativ materiallar çapa hazırlanır.
Elanlar