az
en
Bu gün: 31 Oktyabr 2020
Qarabağ ərazisində tapılmış Albaniya sikkələri
Hazırda 100 minə qədər sikkənin qorunduğu zəngin numizmatik kolleksiyaya malik AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Qarabağ və ona yaxın ərazilərdə aşkarlanmış antik dövrə aid sikkələr xüsusilə aktualdır. Muzeyin Numizmatika fondunun yaradıcısı, t.e.d., professor Yevgeni Paxomov (1880-1965) 1925-ci ildə Bərdə rayonunda, Tərtərçayın sol tərəfində, İmamzadə məscidindən bir neçə metr qərbdə torpaq işləri zamanı gümüş sikkələrin tapıldığını qeyd etmişdi. Numizmat alimin təyinatına əsasən, bu gümüş sikkələr (tetradrahmalar) antik dövrdə Albaniya zərbxanalarında (Qəbələ, Şamaxı və s.) istehsal edilmişdir. Makedoniyalı İsgəndərin sikkələrinə təqlidən zərb edilmiş Albaniyanın gümüş tetradrahmalarının çəkisi 13 – 16 qramdır. Sikkənin üst tərəfində sağa yönəlmiş antik dövrün əfsanəvi qəhrəmanı Heraklın başı, arxa tərəfində isə sola istiqamətlənmiş, sağ əlində hakimiyyət rəmzi - əsa, sol əlində isə quş (qartal) tutmuş mifoloji tanrı – Zevs (oturaq vəziyyətdə) həkk edilmişdir. E.ə. II əsrin yarısından etibarən Albaniyada zərb edilən gümüş drahmalar (2 – 3 qr.) və tetradrahmalar (13 - 16 qr.) əsasən anepiqrafik (yazısız) olsa da, belə sikkələrin tipoloji təyinatı və tapılma məkanları bu tapıntıları əminliklə yerli istehsala aid etməyə əsas verir. Məhz bu gümüş sikkələr böyük fatehin Şərq yürüşündən sonra bütün işğal olunmuş ölkələrdə olduğu kimi, antik Azərbaycan ərazilərində zərb edilmiş və bir əsrə yaxın müddətdə tədavüldə olmuşdur.
Elanlar