az
en
Bu gün: 31 Oktyabr 2020
Muzeyin etnoqrafik incisi - çəpkən
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda EF-3571 inventar nömrəsi altında bir çəpkən nümunəsi diqqətimizi daha çox cəlb edir. Sənətşünas S.S.Dünyamalıyevaya görə bu çəpkən-arxalıqdır. Ancaq geyim özündə daha çox çuxa və çəpkənin elementlərini cəmləmişdir. Geyimə diqqətlə baxdıqda onun ətəyinin və yaxasının çuxaya daha yaxın olduğunu söyləmək mümkündür. Atma qollara malik olan geyimin yanlardakı çapığı eynilə Qarabağ çəpkənlərinə xasdır. Geyim qara rəngli məxmər parçadandır. Məxmərin xovu tamamilə getmişdir. Geyimin bütün səthi güləbətin və ipək sapla tikmə üsulu ilə bəzədilmişdir. Kətəbələr gümüşü, kətəbənin ortasındakı güllərin konturları qızılı güləbətinlə, gülün ləçəkləri qırmızı, narıncı, bənövşəyi, yarpaqları yaşıl rəngli ipək sapla tikilmişdir. Yaxasının sol tərəfində güləbətin sapla toxunmuş 32 sm uzunluğunda ilgək-qaytan tikilmişdir. Eyni materialdan qollarının kənarında 20 sm uzunluğunda ilgək qaytan tikilmişdir. Yaxasının sol tərəfi trapesiya formalı, digər tərəfi ətəyə qədər düzbiçimlidir, yalnız bel hissədən bir qədər kənara doğru meyilləndirilmişdir. Yaxası, ətəyi və qolçağın ortasına 4 sm, qolçağın kənarı boyunca 3 sm enində qızılı rəngli gümüş və ipək sapla işlənmiş yelən verilmişdir. Yelənin alt tərəfi kəmxa parça ilə köbələnmişdir. Əlçəyin kənarına gümüş və qara ipək sapla toxunmuş sərmə çəkilmişdir. Yaxası, ətəyi, belə qədər yan çapıqları və atma qollarına verilmiş yelənin hər iki tərəfinə də gümüş və qırmızı ipəkdən toxunmuş sərmə çəkilmişdir. Bu çəpkənin türk soylarından olan avşarların (əfşarların) geyimi olduğu qənaətinə gəlirik. Onu kişilər də geymişlər. Çəpkənin üzərində təsvir olunmuş güllər «avşar gülü» adlanır. Tədqiqatçı Ənvər Çingizoğlu və Aydın Avşar yazdıqları «Avşarlar» əsərində bir çox tarixi mənbə və məxəzlərə əsaslanaraq əfşarların (avşarların) Oğuz qurumunun 24 boyunun tərkibinə daxil olduqlarını və Avşar boyunun Boz-ok qrupuna mənsub olan Ulduz xanın törəmələri olduğunu göstərirlər. Onlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Müəlliflər Avşar ellərinin yayıldığı 24 tarixi bölgədən birinin də Qarabağ olduğunu qeyd edirlər: «Avşar elinin binayi-qədimdən məskunlaşdığı bölgələrdən biri də Qarabağdır. Qədim tarixçilər Qarabağı avşarların vətəni hesab edirlər. Qarabağda avşar elinin Araşlı oymağı binə bağlayıb. Hazırda Ağcabədi bölgəsində Avşar adlı 3 kənd, Araşlı adlı yurd yeri var. Həmin bölgədəki Hüsülü kəndinin ən böyük tayfalarından biri Ərəşli adlanır. Qarabağ Arazbarında Ərşə adlı başqa bir yurd yeri avşarların nişanəsidir». Hazırda avşarlar əsasən Azərbaycan, Türkiyə və İranda yaşayırlar.
Elanlar