az
en
Bu gün: 31 Oktyabr 2020
Muzeyin etnoqrafik incisi - baharı
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun materialları içərisində Qarabağa məxsus baharı (EF-2053) geyim kolleksiyasının nadir inciləri sırasına daxildir. Baharı tünd qırmızı rəngli məxmər parçadan bel və ətək hissədən ibarət olaraq tikilmişdir. 45 sm uzunluğa malik ətək hissə büzməlidir. Dirsəyə qədər tikilmiş qolu düz biçilmiş, qoltuqaltı açıq saxlanmışdır. Hər iki yandan kəsmə cib qoyulmuşdur. Bel və ətək hissədən ibarət olan geyimin yaxa kəsiyi boy və boy ətəyi, cib və qol ağzı tirmə parçadan qıyqacı köbəyə tutulmuşdur. Geyimə xüsusi gözəllik verən onun zəngin bəzəklə tərtiblənməsidir. Bu məqsədlə güləbətin, məlilə və pilək tikmə üsullarından istifadə olunmuşdur. Haşiyənin kənarına sərmə-bafta tikilmişdir. İncə zövqə, misilsiz sənət qabiliyyətinə məxsus sənətkar yaradıcılığının bəhrəsi olan tikmələr nəticəsində geyim heyrətamiz gözəlliyə qovuşmuşdur. Azərbaycanın milli ornamenti olan butadan geniş istifadə olunması geyimin milli koloritini daha da zənginləşdirmişdir. Adətən üst geyimlərinin ön hissəsinə bəzək vurulurdusa, təqdim olunan baharının kürək hissəsinə də güləbətin sapla gül təsviri salınmışdır. Geyimin dəyərini artıran cəhətlərdən biri də onun əllə tikilməsidir. Geyim XIX əsrə aiddir.
Elanlar