az
en
Bu gün: 04 Dekabr 2020
Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi ziyarət edilib
Milli Azərbaycan Tarixi Muzeyinin könüllülərdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində salınmış Zəngilan şəhərciyində, 33 saylı Zəngilan rayon məktəbinin 1-ci mərtəbəsində müvəqqəti yerləşmiş Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzeyin bələdçisi tərəfindən tələbələrə Zəngilan rayonunun tarixini, mədəniyyətini özündə əks etdirən şəxsi kolleksiyalarda qorunub saxlanmış və muzeyə hədiyyə edilmiş müxtəlif eksponatlar, eləcə də muzeyin yaranması haqqında maraqlı məlumatlar verilib. Sonda “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri, “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsinin ideya müəllifi Sahibə Ələkbərova çıxış edib və qeyd edib ki, Azərbaycanın şanlı ordusu öz gücü və qüdrəti ilə 20 oktyabr tarixində Zəngilan rayonunu işğaldan azad edərək, iyirmi yeddi illik Zəngilan həsrətinə son qoyub. Ordumuzun Qarabağa zəfər yürüşündə tezliklə qələbə çalacağı günün yaxında olduğunu qeyd edən S.Ələkbərova “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində, ən qısa zamanda Qarabağ muzeylərini öz doğma ünvanlarında ziyarət edəcəklərini xüsusi vurğulayıb. “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!” şüarlarını səsləndirən gənc muzeyşünaslar ətrafda yaşayan Zəngilan sakinləri tərəfindən maraqla müşahidə edilərək alqışlanıblar.
Elanlar