az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə “Arxeo” klubun növbəti tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo” klubun təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağ abidələri və Milli Azərbaycan Tarixi Muzeyi” mövzusunda elmi seminar keçirilib. Giriş sözü ilə çıxış edən “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klubun fəaliyyət istiqaməti, məram və məqsədləri, təşkil etdiyi tədbirlər haqqında, eləcə də seçilən mövzunun aktuallığından geniş məlumat verib. Bildirilib ki, “Arxeo” klubun yaradılmasında əsas məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi-mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir. Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə “Qarabağın arxeoloji abidələrinin öyrənilməsində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin rolu (2011-2013-cü il tapıntıları əsasında)” adlı slayd təqdimatlı məruzəsi dinlənildi. Məruzədə muzey əməkdaşlarının 2011-2013-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində təşkil edilmiş “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın tərkibində haqqında bəhs edilən bölgədəki abidələrin öyrənilməsində iştirakından geniş bəhs edilib. Bildirilib ki, qeyd olunan illər ərzində ekspedisiya Füzuli rayonundakı XIII-XIV əsrlərə aid Şeyx Babı xanəgahının, Ağdam rayonundakı neolit dövrünə aid İsmayılbəytəpə yaşayış yerinin arxeoloji tədqiqini həyata keçirmiş, eləcə də ərazidəki erkən əkinçi-maldarlara aid abidələrin qeydiyyatını apararaq elektron xəritələşdirmişdir. Bundan əlavə məruzədə Qarabağ tapıntılarının Arxeologiya fondunda qorunması, kameral işlənməsi, saxlanması, bərpa və konservasiyası, eləcə də ekspozisiyada daimi sərgilənməsi məsələlərinə də toxunulmuşdur. Maraqla dinlənilən məruzə sonda sual cavabla yekunlaşıb.
Elanlar