az
en
Bu gün: 04 Dekabr 2020
Şuşa qalasını əks etdirən tarixi açıqca Muzeydə qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa qalasının qərb hissəsini əks etdirən açıqca saxlanılır (İnv. № 396.47). 1908-ci ilə aid olan açıqca 1977-ci ildə Muzeyə təhvil verilib. Şuşa qalası — Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarıdır. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m. hündürlüyə malikdir. Hazırda Şuşa şəhərinin ərazisi mərkəzində uzununa təpə yerləşən yayladan ibarətdir. Şuşa qalasının memarlığında feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması baxımından özünü büruzə verir. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Muzeydə qorunan Şuşa qalası açıqcası işğal altında olan tarixi şəhərimizin tədqiq və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Elanlar