az
en
Bu gün: 04 Dekabr 2020
Muzeydə Tovuz rayonunda aşkarlanmış Sasanilər dövrünə aid gümüş sikkə dəfinəsi saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1958-ci ildə Tovuz rayonunun İbrahimhacılı kəndində tapılmış gümüş sikkələrdən ibarət dəfinə (cəmi: 80 sikkə) qorunur. Tapıntı muzeyin görkəmli numizmat alimi Əli Rəcəblinin sayəsində muzeyə təhvil verilmiş və numizmatik təyinatı edilmişdir. Təyinata əsasən, dəfinədəki gümüş drahmalar Sasani şahənşahları - I Qubad (488 – 496; 499 - 531), I Xosrov (531 - 579), IV Hörmüzd (579 - 590) və II Xosrovun (590 - 628) hakimiyyəti dövründə Dərbənd, Bərdə, Bakı, Naxçıvan və d. şəhərlərdə zərb edilmişdir. Dəfinədəki erkən gümüş sikkə I Qubadın II hakimiyyətinin 14-cü ilinə (531), sonuncu sikkə isə II Xosrovun hakimiyyətinin 27-ci ilinə (617) aiddir. Sasani gümüş drahmalarının üst tərəfinin mərkəzinə sağa istiqamətlənmiş başında tac və bəzək əşyaları taxmış şahənşah, ətrafına pəhləvi dilində dini ifadələr, hökmdar titulu ilə adı, ətrafında Ay, ulduz və digər naxışlar həkk edilirdi. Arxa tərəfinə isə mərkəzə atəşgah və onu qoruyan iki mühafizəçi, onların sol tərəfinə zərb tarixi, sağ tərəfinə isə monoqramlar (zərbxana) həkk edilirdi. Muzeydə qorunan bu sikkə dəfinəsi Sasani dövrü numizmatika tariximizin tədqiqi baxımından əhəmiyyətlidir. 80 ildən artıq bir dövrü əhatə edən bu dəfinə erkən orta əsrlərdə Azərbaycanın pul təsərrüfatını açıqlamağa yardım edir.
Elanlar