az
en
Bu gün: 23 Oktyabr 2019
Onun sənəti sərhəd tanımır Dekabrın 14-ü ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür

İfaçılıqda xalq yaradıcılığının, vokal sənətinin, estrada janrının sintezi hər sənətkara nəsib olmur. Bunun üçün fitri istedad və böyük zəhmət tələb olunur. Təkraredilməz, məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan Rəşid Behbudov belə ifaçılardandır.SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunmuşdur. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.Dekabrın 14-ü Rəşid Behbudovun doğum günüdür. O, 1915-ci ildə Tbilisidə xanəndə

Məcid Behbudovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olmuşdur. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət almışdır. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanmışdır. Bu filmdəki Əsgər roluna görə R.Behbudov “Stalin mükafatı”na layiq görülmüşdür. R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş və 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

 

Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynamışdır.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Qüdrətli istedadını, böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf etmiş böyük sənətkar, alovlu vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi heç vaxt xalqın yaddaşından silinməyəcəkdir.

(AzərTAc).

Elanlar