az
en
Bu gün: 17 Noyabr 2019
Bakıda “Venesiya maskalarının sirləri” təsviri sənət sərgisi açılacaqdır

Bu il dekabrın 19-dan 25-dək Muzey mərkəzi incəsənət həvəskarlarını öz növbəti layihəsi ilə - Venesiya tarixinə, Venesiya karnavalına və onun başlıca atributuna - sirlərlə dolu Maskaya həsr olunmuş “Venesiya maskalarının sirləri” sərgisi ilə sevindirəcəkdir. Venesiya karnavalı təkcə İtaliyada deyil, bütün dünyada ən yaddaqalan və gözoxşayan hadisələrdən biridir. Karnaval ənənələrini davam etdirən bu sərgi incəsənət həvəskarları üçün yeni il hədiyyəsi olacaqdır.Venesiya öz təkrarolunmaz koloriti ilə həmişə rəssamları ilhama gətirmiş və hər kəs nadir gözəlliyi ilə sevilən bu şəhərin saysız-hesabsız mənzərələrindən birini əsərlərində əks etdirməyə çalışmışdır. Sərginin tematikası rəssamlarda böyük maraq doğurmuş və onları bu mövzuda

yeni əsərlər yaratmağa həvəsləndirmişdir. Rəssamlar məhz bu sərgi üçün Venesiyaya həsr olunmuş yeni əsərlər yaratmışlar. Siruz Mirzəzadənin “Unudulmuş yuxu”, Namiq Məmmədovun “Öpüş”, İsmayıl Məmmədovun “Venesiya maskalarının sirləri”, Rəşad Mehdiyevin “Su küçə”, Eldar Qurbanovun “Maskalar”, Kamal Vəliyevin “Venesiya maskası”, Məmməd Rəşidovun “Kavaler”, Faiq Hacıyevin “Fikirlər” əsərləri və s. Ekspozisiyaya Sara Manafovanın “Maskarad” retrospektiv əsərləri, Marqarita Kərimova-Sokolovanın “Venesiya mirvarisi”, “Kədər və zəriflik”, “Ehtiras”, “Narıncı arkalar” və s. akvarelləri daxil olacaqdır.

 

Vernisajda Venesiya maskaları xüsusi yer tutacaqdır. Sərgidə Venesiyanın tarixi, Venesiya karnavalı və maskaları haqqında filmlər göstəriləcəkdir. Tanınmış “Günay” uşaq teatrı isə “Romeo və Cülyetta” tamaşasından “Mareska” rəqsini ifa edəcəkdir. Məşhur modelyer Nadiya Taziyeva öz yeni dəbli kostyum kolleksiyası ilə hamını sevindirəcəkdir. Bu kolleksiyanı da Venesiya maskaları bəzəyəcəkdir.

Sərgi yeni il bayramına hədiyyədir. Sərgi ideyasının müəllifi Muzey mərkəzinin direktoru Liana Vəzirova, tərtibatçı rəssamı Vüqar Əlidir.

Qeyd etmək lazımdır ki, dekabrın 19-da sərgiyə giriş dəvətnamə ilə olacaqdır. Dekabrın 20-dən 25-dək isə arzu edənlər saat 10.00-dan 18.00-dək sərgiyə tamaşa edə bilərlər.

(AzərTAc).

Elanlar