az
en
Bu gün: 19 Sentyabr 2019
Moskvada beynəlxalq “İRS-Naslediye” jurnalının 10 illiyi qeyd edilmişdir

Beynəlxalq “İRS-Naslediye” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 10 illiyi münasibətilə Rusiya paytaxtında Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş təntənəli tədbir keçirilmişdir.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd etmişdir ki, “İRS” jurnalı Azərbaycanı beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. P.Bülbüloğlu bir faktı yüksək qiymətləndirmişdir ki, jurnal Azərbaycan haqqında həqiqətləri dünya birliyinə yüksək səviyyədə çatdırmaqla çox mühüm bir missiyanı yerinə yetirir. Diplomatın sözlərinə görə, jurnal Azərbaycanın tarixi və müasir reallıqları, onun mədəniyyəti, təbiəti, memarlığı, incəsənəti, elmi, iqtisadiyyatı, xalqımızın zəngin adət-ənənələri haqqında müxtəlif dillərdə yüksək səviyyəli

materiallar dərc etməklə oxucuları məlumatlandırır. P.Bülbüloğlu demişdir: “Jurnal bu gün mühüm funksiyaları yerinə yetirməklə daha çox gələcək nəslin xeyrinə çalışır və bu, çox əhəmiyyətlidir”. 
Sonra jurnalın 10 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmiş, qeyd edilmişdir ki, hazırda “İRS” rus, ingilis, italyan, fransız, alman, çex, ispan, türk, çin, yapon və ərəb dillərində nəşr olunur.

 

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı tədbirdə çıxış etmişdir. Baş redaktor bu nəşrin məqsəd və vəzifələri, əsas missiyası barədə söhbət açaraq qeyd etmişdir ki, jurnalın əsas məqsədi xarici ölkələrdəki oxucuları Azərbaycanın tarixi və müasir reallıqları, iqtisadiyyatı və mədəni həyatı haqqında məlumatlandırmaqdır. Onun sözlərinə görə hazırda jurnal dünyanın 10 ölkəsində müxtəlif dillərdə nəşr edilir.
M.Mərcanlı jurnalın 10 illik fəaliyyətinə yekun vuraraq qeyd etmişdir ki, nəşrin kollektivi Ermənistan-Azərbaycan münaqişəsinin işıqlandırılmasını və tarixi arxiv sənədlərinin dərc edilməsini özünün ən böyük uğuru hesab edir. Baş redaktor “İRS” jurnalının hərtərəfli dəstəklənməsinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna və bu illər ərzində onun nəşrinə kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir.

“Baku” beynəlxalq jurnalının redaktoru Mariya Timirbayeva qeyd etmişdir ki, “İRS” jurnalı həqiqətən bütün dünyada çox geniş oxucu auditoriyasına malikdir, çünki o, Azərbaycan haqqında həqiqəti bu cür fəal və geniş təbliğ edir, bu həqiqətləri beynəlxalq ictimaiyyətin geniş təbəqələrinə çatdırır. O, materialların icra keyfiyyəti və yüksək səviyyəsi ilə öz oxucularını sevindirən jurnalın kollektivinə böyük yaradıcılıq uğurları arzulamışdır.

Tədbirdə çıxış edənlər – rusiyalı tarixçi Oleq Kuznetsov, akademik Namiq Qurbanov, publisist və jurnalist Rüstəm Arifcanov, politoloq Aleksandr Karavayev xüsusi vurğulamışlar ki, “İRS” jurnalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük və əvəzedilməz rol oynayır.

Rəsmi hissədən sonra tədbir musiqili kompozisiyalar və görüş iştirakçıları arasında qeyri-rəsmi ünsiyyət formatında davam etmişdir.

Səfirliyin foyesində elmi-publisistik nəşrlər arasında öz layiqli yerini tutmuş “İRS” jurnalının bütün nömrələri və xüsusi buraxılışları sərgilənmişdi.

AzərTAc

Elanlar