az
en
Bu gün: 17 Sentyabr 2019
15 dekabr - Azərbaycan Xalq Rəssamı Səttar Bəhlulzadənin anadan olma günüdür

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Bəhlulzadə Səttar Bəhlul oğlu 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci  ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933 -cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı

ordeni və medallarla təltif olunmuşdur.Əsərləri R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

 

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan köndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri ("Buzovna neft mədənləri", "Əmircan" və s.) nümayiş etdirilmişdir.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Şahnabat", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Elanlar