az
en
Bu gün: 18 Sentyabr 2019
Dağıstan Respublikasında fəaliyyət göstərən Dövlət Azərbaycan Dram Teatrı ölkəmizə qastrol səfərinə gəlmişdir

Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi ölkəmizə qastrol səfəri çərçivəsində qubalılar qarşısında çıxış etmişdir. AzərTAc xəbər verir ki, teatrın kollektivinin rayon mədəniyyət evində nümayiş etdirdiyi gürcü klassiki Avkisenti Saqarelinin “Xanuma” tamaşası qubalı teatrsevərlər tərəfindən alqışlarla qarşılanmışdır. Tamaşada yaradıcı heyəti əsasən soydaşlarımızdan ibarət olan teatrın istedadlı və təcrübəli aktyorları ilə yanaşı, gənclər də rol almışlar. Teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Şahlar Xalikov bildirmişdir ki, belə tədbirlər Azərbaycan-Rusiya, eləcə də Azərbaycan-Dağıstan mədəni əlaqələrinin genişlənməsinə xidmət edir.

O, qeyd etmişdir ki, 90 nəfərlik aktyor heyətinin çalışdığı teatrın Azərbaycana qastrol səfərləri artıq ənənə halını almış, respublikamızın bölgələrində, eləcə də paytaxt səhnəsində tamaşalar qoyulmuşdur. Teatrın baş rejissoru, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova yenidən Azərbaycanda olduğuna görə özünü xoşbəxt saydığını söyləmiş, göstərilən qonaqpərvərlik üçün minnətdarlığını bildirmişdir. L.Hüseynova Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının və adət-ənənələrinin təbliğində teatrın böyük xidmətləri olduğunu vurğulamış, bu istiqamətdə yorulmadan çalışdıqlarını qeyd etmişdir. Kollektivin Qubaya səfəri dekabrın 19-da başa çatacaqdır. Dağıstanda Dövlət Azərbaycan Dram Teatrı 1904-cü ildə fəaliyyətə başlamış, 1944-cü ildə müvəqqəti bağlanmış, lakin 1994-cü ildə yenidən qapılarını tamaşaçılarının üzünə açmışdır. Teatrın kollektivinin hazırladığı tamaşalar təkcə Rusiya Federasiyasının ərazisində deyil, qonşu dövlətlərin mədəni mərkəzlərində, böyük tamaşa salonlarında alqışlarla qarşılanmışdır.

 

 

AzərTac

 

 

Elanlar