az
en
Bu gün: 13 Noyabr 2019
“Nizami” sənədli filminin təqdimatı olmuşdur

Dekabrın 18-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Nizami” sənədli filminin təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Nizami Kino Mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgiyə baxmışlar. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı çərçivəsində ölkə daxilində və xaricində keçirilən tədbirlərdən, dünyanın bir çox

şəhərlərində dahi şairin abidəsinin ucaldılmasından danışmışdır. Bildirmişdir ki, bu gün isə belə bayramların bir növ yekununa toplaşmışıq. Nizami Gəncəvi yaşayır və bundan sonra da yaşayacaq, onunla bağlı yaradıcılıq işləri gələcəkdə də davam etdiriləcəkdir. Sənədli filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur. Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edilmişdir. Filmin rejissoru və baş operatoru Rafiq Quliyev filmin ərsəyə gəlməsində zəhməti olanlara dərin təşəkkürünü bildirmişdir. Elmi-kütləvi janrda çəkilmiş film 36 dəqiqə davam edir. Filmdə dahi Nizaminin çoxşaxəli yaradıcılığının indiyədək məlum olmayan faktları tədqiqatçıların dili ilə tamaşaçıya çatdırılmışdır. Sənədli filmdə vizual vasitələrdən daha çox istifadə olunmuş, psixoestetik aspekt daha çox önə çəkilmişdir. Film böyük maraqla izlənilmişdir.

 

AzərTac 

Elanlar