az
en
Bu gün: 18 Sentyabr 2019
Görkəmli azərbaycanlı geoloq alimin ömür yolundan bəhs edən “Kremlin müşaviri” sənədli filminin çəkilişləri başa çatmışdır

SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Geologiya İdarəsinin rəisi, Stalinin geologiya məsələləri üzrə müşaviri olmuş görkəmli alim Əli Əmiraslanovun ömür yolundan bəhs edən “Kremlin müşaviri” sənədli filminin çəkilişləri başa çatmışdır. AzərTAc xəbər verir ki, filmin ssenarisini alimin qızı, tanınmış yazıçı-publisist E.Araslı və jurnalist M.Əliyev yazmışlar. Çəkilişləri Moskva və Bakıda aparılmış filmdə tanınmış aktyorlarla yanaşı, həvəskarlar da iştirak etmişlər. Filmdə dünya şöhrətli alimin geniş elmi və təşkilatçılıq fəaliyyəti, zəngin mənəvi dünyası, doğma Vətəni Azərbaycana məhəbbəti konkret fakt və detallarla əksini tapmışdır. Yaxın günlərdə filmin təqdimatı olacaq və televiziya ekranlarında göstəriləcəkdir.

 

Professor Əli Əmiraslanov 1900-cü il dekabrın 22-də Zəngəzur qəzasının Balahəsənli kəndində (Qubadlı rayonu) doğulmuşdur. O, 11 yaşında ikən anası dünyadan köçmüş, atası I Dünya müharibəsində rus ordusunun zabiti kimi Avstriyada döyüşdə həlak olmuş, çar Rusiyasının yüksək ordenləri ilə təltif edilmişdir. Erməni daşnak quldurlarının hücumları zamanı çox sayda doğma və əzizlərini itirən gənc Ə.Əmiraslanov Qızıl Ordu sıralarında Zəngəzurda daşnak hökumətinin son tör-töküntülərinin ləğv edilməsində iştirak etmişdir. Moskva Dağ-Mədən Akademiyasını bitirmiş, SSRİ və 10-dan çox ölkədə geoloji kəşfiyyat ekspedisiyalarında aparıcı mütəxəssis kimi iştirak etmişdir. Görkəmli azərbaycanlı geoloq Uralda qiymətli əlvan metal, mis, qurğuşun, sink yataqlarının kəşfi və işlənməsi işlərinə rəhbərlik etmişdir. Onun sovet geologiya elmində yeni mərhələ açan yüzdən artıq monoqrafiyası, məqaləsi çap olunmuşdur. Alim ali məktəblərdə mühazirələr oxumuş, 1953-cü ildə SSRİ E.A-nın müxbir üzvü seçilmişdir. Sovet dövlət və hökumət, elmi dairələrində çox böyük nüfuz qazanmış dünya şöhrətli azərbaycanlı alim 62 yaşında həyatdan köçmüş, Moskvadakı “Novodeviçye” qəbiristanlığında dəfn edilmişdir.

AzərTac

 

Elanlar