az
en
Bu gün: 19 Sentyabr 2019
Sovet İttifaqının dağılmasında Azərbaycanın roluna dair yeni elmi araşdırma nəşr olunmuşdur

“Sovet Ittifaqının dağılması: səbəbləri, ətraf təsirləri, arxa planları” adlı kitab Alman dilində elmi araşdırma məqalələrindən ibarət “Sovet Ittifaqının dağılması: səbəbləri, ətraf təsirləri, arxa planları” adlı kitab işıq üzü görmüşdür. Almaniyanın məşhur elmi nəşriyyatlarından olan “Nomos”da çapdan çıxmış bu kitab Almaniyadan, Avstriyadan və digər Avropa ölkələrindən postsovet regionu üzrə tanınmış mütəxəssislər tərəfindən yazılmışdır.

Bu elmi-tədqiqat son illərdə Sovet İttifaqının dağılma səbəblərinin, habelə bu prosesin necə baş verməsinin sistemli təhlilinə həsr olunmuş ilk beynəlxalq kollektiv araşdırmadır. Sevindirici haldır ki, həmin araşdırmada gənc azərbaycanlı tədqiqatçı da iştirak etmişdir. Frankfurt Sülh Araşdırmaları İnstitutunun (PRIF) elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayevin bu kitabda “Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Sovetlərin dağılma prosesi” mövzusunda geniş bir araşdırması dərc olunmuşdur. A.Babayev bu tədqiqat işində Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb xarakterli hadisə və prosesləri, xüsusən də Qarabağ münaqişəsinin hansı səbəblərdən və necə alovlanmasını təhlil edir və münaqişənin sonrakı mərhələdə qanlı müharibəyə çevrilməsinin əsas səbəblərindən biri kimi M.Qorbaçov başda olmaqla həmin dövrdəki sovet rəhbərliyinin yeni baş qaldırmış erməni millətçiliyinə qarşı qeyri-adekvat reaksiyasını göstərir. Bu məqaləni son illərdə alman dilində Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətləri baxımından yazılmış ən sanballı elmi araşdırmalardan hesab etmək olar. Azər Babayev bu məqaləsində Moskvanın həm də Azərbaycanda artıq siyasi təməllərinin sarsıldığı sovet hakimiyyətini ayaqda saxlamaq üçün hətta hərbi vasitələrə əl atmasını və sivil nümayişçilərə qarşı amansız 20 Yanvar qətliamını törətməsini ətraflı təsvir və təhlil edir. A.Babayevin araşdırması, həmçinin Azərbaycanda həmin dövrdə milyonlarla insanı əhatə edən milli azadlıq hərəkatının inkişaf dinamikasının Qərb elmi ictimaiyyətinə sistemli şəkildə təqdim olunması, habelə ölkəmizin dövlət müstəqilliyinə gedən yolunun təhlili baxımından da çox əhəmiyyətlidir.

 

AzərTAc

Elanlar