az
en
Bu gün: 12 Noyabr 2019
“Klassik Azərbaycan ədəbiyyatı və tariximiz” mövzusunda respublika konfransı keçirilmişdir

Dekabrın 28-də Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Klassik Azərbaycan ədəbiyyatı və tariximiz” mövzusunda respublika konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransın plenar iclasını giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov tədbirin əhəmiyyətini diqqətə çatdırmış, klassik sənət nümunələrində yaşayan həqiqətlərin tarixi faktlar qədər dəyərli və real olduğunu söyləmişdir.

 Bildirmişdir ki, ana dilindən savayı, ərəb və fars dillərində yaranmış və zəngin xəzinəyə çevrilmiş Azərbaycan ədəbiyyatı yalnız insanlara zövq vermək üçün qələmə alınmamışdır. Lakin unutmamalıyıq ki, Fələki Şirvani, Xaqani Şirvani, Qiyasəddin Şirvani, İzzəddin Şirvani kimi şairlərin XII əsrdə yazdıqları qəsidələr Şirvandakı tarixi hadisələri, bəlkə də müəyyən tarixi qaynaqlardan daha dəqiq göstərir. Məhsəti Gəncəvi, Nizami Gəncəvinin də əsərlərinin daxilinə varanda bir daha görürük ki, bu ölməz sənət nümunələri də əslində tarixin bir parçasıdır.  Rafael Hüseynov demişdir ki, müxtəlif əsrlərdə yazılmış Azərbaycan ədəbi nümunələri, ayrı-ayrı şairlərimizin divanları həm də tariximizin öyrənilməsi üçün mühüm mənbədir. Tarixi qaynaqları, ədəbi qaynaqları yanaşı qoyanda görürsən ki, bunlar biri-birini tamamlayır və keçmiş günlərin mənzərəsi daha aydın canlanır. Bu səbəbdən də biz belə bir konfransın keçirilməsinə qərar verdik. Konfransda yalnız Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində çalışan elmi əməkdaşlar deyil, eyni zamanda, ölkəmizin müxtəlif elm ocaqlarında fəaliyyət göstərən alimlərin biri-birindən maraqlı elmi məruzələri dinləniləcəkdir. Tədbirdə Rafael Hüseynovun “Zülfüqar Şirvani “Divan”ı XIII əsr Azərbaycan tarixinin öyrənilməsində əsas mənbələrdən biri kimi” mövzusunda məruzəsi dinlənilmişdir. Plenar iclasda “Mirzə Ələkbər Sabir və tariximiz”, “Nəsimi orta əsr mənbələrində” və “Azərbaycan ədəbiyyatı tarixinin qırmızı terror mərhələsi (S.Mümtaz)” mövzusunda məruzələr dinlənilmişdir. Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Konfransın materialları kitab halında çap olunacaqdır.

 

AzərTAc

Elanlar