az
en
Bu gün: 13 Noyabr 2019
Qədim Bakı şəhərinin planı Azərbaycana gətirilib

 

Paris Milli Kitabxanasında saxlanan əsərlərimizin surətləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna gətirilib. İnstitut Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətlərini, elektron variantlarını əldə edib. Bunların içərisində XX əsrin əvvəllərində Bakı

şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımdasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi diqqəti cəlb edir. Bundan əlavə, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş "Kəlilə və Dimnə", cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən "Oğuznamə", təbabətə dair XVI əsrə aid "Əlacnamə" əsəri, Əlişir Nəvainin əsərləri və s. böyük maraq doğurur. Avropa səyyahlarının Azərbaycanla bağlı müşahidələrindən ibarət kitablar da diqqəti cəlb edir. XVII əsrdə İran və Azərbaycanda olmuş Rafael dü Manın 1890-cı ilə çapdan çıxmış kitabında Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən, övladlarından, İsfahandakı sarayda Azərbaycan türkcəsinin mövqeyindən, ölkəmizin şəhərlərindən və təbii sərvətlərindən bəhs olunur. Avropa səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə çapdan çıxmış "İrana səyahət" əsərində Azərbaycan barədə geniş söhbət açılır.

 

 

 

Elanlar