az
en
Bu gün: 17 Noyabr 2019
Qarabağda yeni dəfinə aşkar olunmuşdur

Yeni dəfinə2009-cu ildən başlayaraq Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyası tərəfindən Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparılır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev AzərTAc-a bildirmişdir ki, neolit dövrünə aid məşhur Kamiltəpə yaşayış məskənində geniş qazıntı işləri ilə yanaşı, bölgənin arxeoloji xəritəsini tərtib etmək məqsədilə Füzuli, Beyləqan, Xocavənd və Ağcabədi rayonlarının ərazisində, xüsusilə Şpartı, Qarasu və Qarqarçay hövzələrində, Xonaşen dərəsi ətrafında kəşfiyyat-axtarış işləri də davam etdirilir.

Artıq bölgədə son neolit dövründən (eramızdan əvvəl VII minilliyin sonlarından) son orta əsrlərə qədərki böyük bir tarixi mərhələni əhatə edən 120-yə yaxın abidə qeydə alınmışdır. Bu abidələr Azərbaycanın qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Andrea Riccinin başçılıq etdiyi kəşfiyyat qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı (Şivarxı) çayı hövzəsində - Ağcabədi, Xocavənd və Füzuli rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat apararkən mis sikkələrdən ibarət dəfinə aşkar edilmişdir. Dəfinə ümumi çəkisi 2,7 kiloqram olan 586 ədəd sikkədən ibarətdir.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi məlumata görə, bu metal pullar Azərbaycan Atabəylər (Eldənizlər) dövlətinin hökmdarları Əbu Bəkr və Özbəyin adından XII əsrin sonları – XIII əsrin əvvəllərində zərb edilmişdir. Həmin ərazidən 13 kiloqrama yaxın vulkanik şüşə olan iri obsidian parçasının – dəvəgözü daşı və XI yüzilliyin 70-ci illərində rum səlcuqlarının hökmdarları adından kəsilmiş metal pullar da tapılmışdır. Onların arasında üzərində atlı təsviri olan sikkələr diqqəti daha çox cəlb edir. Yaxın gələcəkdə bu pulların təmizlənərək kompleks halda tədqiq olunması nəzərdə tutulur.

Elanlar