az
en
Bu gün: 13 Noyabr 2019
Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbi davam edir

I Payız MəktəbiAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 24-27 sentyabr tarixində keçirilən Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbi davam edir. Layihənin 24 sentyabr 2013-cü il tarixində keçirilmiş təntənəli açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral tarix və incəsənət muzeyinin tədqiqatçısı Aleksandr Turovets çıxış edərək məktəbin əhəmiyyətindən danışmış, gənclərin mədəni irsin mühafizəsi və tədqiqində aktiv iştirak etməyə səsləmişlər.

 

Layihənin ilk günü keçirilən nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu idarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun, Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri təqdimatlarla çıxış etmişlər.
Layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğu və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.

Layihədə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş 25 gənc iştirak etmək hüququ əldə etmişdir.

Təlimlərin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaq.

Elanlar