az
en
Bu gün: 13 Noyabr 2019
Azərbaycanda “Avropa İrs Günləri” layihəsi keçiriləcək

“Avropa İrs Günləri” layihəsi2013-cü ilin 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Hər il ölkəmizin müxtəlif regionlarında keçirilməsi nəzərdə tutulan tədbirlər bu il Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edəcək. Layihə çərçivəsində qeyd olunan rayonların məktəbliləri üçün "Tarix və mədəniyyət abidələrinin qorunması və bərpası" mövzusunda açıq dərslər keçiriləcək, gənclər üçün abidələrə və qoruqlara ekskursiyalar təşkil ediləcək və mədəni irsin qorunmasına dair kütləvi maarifləndirmə kampaniyası aparılacaq.

Layihənin əsas tədbiri sentyabrın 29-da Zaqatala rayonunda keçiriləcək. Burada digər rayonların ictimaiyyətinin iştirakı ilə xalq gəzintisi təşkil olunacaq, mədəniyyət abidələri mövzusunda fotosərgisi nümayiş etdiriləcək və yaradıcı kollektivlərın çıxışları baş tutacaqdır. Tədbirin sonunda Zaqatala rayonunun mərkəzi parkında Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin ifasında konsert proqramı təşkil ediləcək.
Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

 

Elanlar