az
en
Bu gün: 18 Sentyabr 2019
Tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası barədə təlimatlar təqdim edilmişdir

Tarix və mədəniyyət abidələriOktyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi (İB) “Tarix və mədəniyyət abidələri: qorunması, istifadəsi və bərpası barədə təlimatlar” kitabının təqdimatını keçirmişdir. AzərTAc xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına çap edilmişdir. Kitabın əhəmiyyətindən danışan İB-nin sədri Faiq İsmayılov bildirmişdir ki, tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, öyrənilməsi və təbliği dünya ölkələrində böyük aktuallıq kəsb edir. Bu abidələr mənsub olduğu ölkənin nəinki tarixinin, eyni zamanda turizm potensialının inkişafına da ciddi təsir göstərir. Məhz bu səbəbdən tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası haqqında təlimatların müasir səviyyədə hazırlanmasına həmişə böyük ehtiyac olmuşdur.Vurğulanmışdır ki, tarix və mədəniyyət abidələrinin mühafizəsinin təşkili barədə təlimatlar toplusunun hazırlanaraq çap olunması MDB ölkələri sırasında ilk dəfə Azərbaycanda həyata keçirilir. Yeddi fəsildən ibarət kitab abidələrin mühafizəsi, istismarı və bərpası barədə oxuculara müfəssəl məlumat verir. Kitabda respublikamızda çalışan abidə mühafizəçilərinə az məlum olan tarix və mədəniyyət abidələrinin qorunmasının əsas şərtləri, nadir kitab abidələrinin qorunması və təhlükəsizliyinin təmin edilməsi tədbirləri, abidələrin dağılıb məhv olmasında təbiət hadisələrinin və digər xarici təsirlərin rolu, tarix və mədəniyyət abidələrinin qorunmasında iqtisadi, ekoloji amillərin rolu, qorunmanın əsas müasir metodları və digər qaydalar haqqında geniş məlumatlar yer almışdır.Təqdimat mərasimində çıxış edənlər toplunun hazırlanmasını vətənpərvərlik nümunəsi kimi qiymətləndirmişlər. Qeyd edilmişdir ki, kitabdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Turizm İnstitutunun müvafiq fakültələrinin tələbələri dərs vəsaiti kimi istifadə edə biləcəklər.

 

Elanlar