az
en
Bu gün: 17 Sentyabr 2019
Bakıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO üzrə Milli Komissiyanın birgə seminarı keçirilir

Bakıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO üzrə Milli Komissiyanın birgə seminarı Oktyabrın 29-da UNESCO-nun Dünya İrs Mərkəzinin təşkilatçılığı ilə “Park İnn” mehmanxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın birgə təşkilatçılığı ilə treninq-seminar öz işinə başlamışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirmişdir ki, treninq-seminarın əsas məqsədi ərazisində dünya irsi abidəsi olan Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələri üzrə dövri hesabatın hazırlanması, o cümlədən Dünya İrs Mərkəzi tərəfindən təqdim edilmiş sorğunun bu qurumun rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir. Bildirilmişdir ki, UNESCO-nun ümumdünya irs siyahısına daxil olan abidələrin vəziyyətini öyrənmək və onlar haqqında hesabatın hazırlanması ilə bağlı Bakıda təşkil edilən bu möhtəşəm tədbirə 17 ölkəni təmsil edən 30-dan çox mütəxəssis qatılmışdır.
Vurğulanmışdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz tarixi-mədəni irsinə böyük diqqət yetirir. Məhz bunun nəticəsidir ki, iki tarixi abidəmiz - Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun maddi-mədəni irs nümunələri siyahısına, Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq sənətimiz isə qurumun qeyri maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu abidələrin hazırkı vəziyyəti, onların qorunub saxlanılması, konservasiyası, gələcək nəsillərə çatdırılması üçün bu dinləmələr mühüm əhəmiyyət daşıyır. Biz bu siyahının daha da genişlənməsinə çalışmalıyıq. Nazir müavini demişdir ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il ildə təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

 

 

Tədbir iştirakçılarını salamlayan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, bu treninq-seminarın Bakıda keçirilməsi Azərbaycanın UNESCO ilə sıx əməkdaşlığının bariz göstəricisidir. Bu əməkdaşlıq 20 ildən artıq bir dövrü əhatə edir. Ötən müddətdə Azərbaycan UNESCO-nun müxtəlif komitələrinə üzv olmuş, təşkilat tərəfindən həyata keçirilən mühüm proqram və layihələrdə iştirak edərək, layiqli tərəfdaş olduğunu sübut etmişdir. Bu işlərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.

Azərbaycanın son illərdə UNESCO-nun bir sıra tədbirlərinə ev sahibliyi etdiyini söyləyən G.Əfəndiyeva demişdir ki, bu işlərin davamı olaraq bu həftə ərzində ölkəmizdə qurumun himayəsi altında üç tədbir keçiriləcəkdir. Ölkəmizin dünyada davamlı sülhün formalaşmasına mühüm önəm verdiyini söyləyən natiq təəssüf hissi ilə qeyd etmişdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmuş və nəticədə 1 milyondan çox soydaşımız doğma torpaqlarından çıxarılmışdır. İşğal olunmuş ərazilərimizdə xalqımıza məxsus yüzlərlə maddi-mədəni irs nümunəsi, tarixi abidələr dağıdılaraq məhv edilmişdir. Biz həqiqətən UNESCO-nun ən ali məqsədi olan dünyada sülhün bərqərar olmasını istəyiriksə, o zaman bu istiqamətdə ciddi işlər görməli və maddi-mədəni irs nümunələrinin dağıdılmasına yol verilməməliyik.
Tədbirdə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev son illər ölkəmizdə, eləcə də İçərişəhərdə tarixi abidələrin qorunması, bərpası istiqamətində görülmüş işlərdən söz açmışdır. Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən UNESCO-nun Dünya İrs Mərkəzinin Avropa və Şimalı Amerika bölməsinin sədri xanım Petya Toçarova son illər Bakıda görülən quruculuq işlərini və burada mədəni irs nümunələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişdir.

Qonaq qeyd etmişdir ki, seminar zamanı hazırlanacaq hesabatlar UNESCO-nun növbəti mərhələlərdə mədəni irslə bağlı verəcəyi qərarlara mühüm təsir göstərəcəkdir.
Tədbirin böyük tarixi əhəmiyyət daşıdığını söyləyən P.Toçarova xüsusi olaraq vurğulamışdır ki, hazırda Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilir.

Oktyabrın 31-dək davam edəcək treninq-seminar işini tədbir iştirakçılarının fikir və tövsiyələri əsasında davam etdirmişdir.

Elanlar