az
en
Bu gün: 18 Sentyabr 2019
Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilmişdir

Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası Oktyabrın 28-də Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumat təqdimatı olmuşdur. 

Ə.Qarayev yığıncaqla əlaqədar AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir: “Bu gün Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin büro iclasında çox ciddi məsələlər müzakirə olunmuşdur. Müzakirələr zamanı komitənin dekabr ayında Bakıda keçiriləcək yubiley sessiyası barədə ətraflı məlumat dinlənilmiş, yığıncağa hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyəti lazımı sənədləri təqdim edərək sessiyaya hazırlığın artıq başa çatdığını bildirmişdir.”  Nazir bildirmişdir ki, iclasda bəzi ölkələrdə acınacaqlı vəziyyətdə olan ənənələr, tarixi abidələr, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar da müzakirə olunmuşdur. Mali, Keniya, Vyetnam və Uqandaya yardım göstərilməsi qərara alınmışdır. Nazir demişdir ki, artıq bu cür beynəlxalq təşkilatlar qərarlar qəbul edərkən Azərbaycanın sözünü eşidirlər və ölkəmiz bu qərarların qəbul olunması ilə bağlı keçirilən yığıncaqlara sədrlik edir. Əlbəttə, bu, ölkəmizin dünyanın mötəbər təşkilatlarından biri olan UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olmasından və qurumdakı fəallığından xəbər verir. Bütün bunların arxasında böyük zəhmət durur. Bu zəhmətin əsasını sözsüz ki, Prezident İlham Əliyevin şəxsən beynəlxalq münasibətlərə, ölkəmizin dünyada imicinin yüksəlməsinə diqqəti və bununla bağlı davamlı siyasəti təşkil edir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizi tanıtmaq istiqamətində UNESCO-da, eləcə də Fransada təşkil etdiyi müxtəlif tədbirlər belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanın nüfuzu hər yerdə yüksəkdir. Bunlar olmadığı təqdirdə bu gün Azərbaycanın güclü bir mövqedən çıxış etməsi mümkün olmayacaqdı.
Yığıncaqda Bakıda keçiriləcək sessiyanın gündəliyi, iştirakçıların qəbulu, yerləşdirilməsi, komitənin strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.
Azərbaycanın paytaxtı Bakı şəhərinin ümumi görünüşünün, tarixi abidələrin, milli rəqslərin, turizm məkanlarının, milli mətbəx nümunələrinin, qədim çovkan oyununun əks olunduğu film nümayiş etdirilmişdir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə də görüşmüşdür. Nazir Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlarını İrina Bokovaya çatdırmış və baş direktoru dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək Hökumətlərarası Komitənin 8-ci sessiyasına dəvət etmişdir. Görüşdə sessiyanın gündəliyində duran məsələlər müzakirə edilmiş, Azərbaycan hökuməti ilə UNESCO arasında cari ilin iyul ayında imzalanan Çərçivə Sazişindən irəli gələn məsələlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. UNESCO-nun iki ildə bir dəfə Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığı və bu tərəfdaşlığın müxtəlif aspektləri müzakirə edilmişdir. Görüşdən sonra UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının 10 illiyinə həsr olunan sərginin açılışında iştirak etmişlər.
Qeyri-maddi mədəni irsin davamlı inkişafından bəhs edən sərgidə dünyanın müxtəlif bölgələrindən olan qeyri-maddi elementlər nümayiş etdirilmişdir. Sərginin açılışında çıxış edən baş direktor İrina Bokova qeyri-maddi mədəni irsin vacibliyi, onun insanlar arasında sülh və dialoqun təşviqi, habelə davamlı inkişafa nail olunmasında xüsusi rolundan söhbət açmış, Bakıda keçiriləcək Hökumətlərarası Komitənin iclasına istinad etmiş, bu məsələdə dəstəyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirmişdir.

Əbülfəs Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığa önəm verdiyini, xüsusilə qeyri-maddi mədəni irsin qorunması sahəsinə diqqət göstərdiyini vurğulamış, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın ideallarının dünyada təbliğ edilməsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırmışdır.

Qeyri-maddi mədəni irsin mədəniyyətlərin yaxınlaşmasında təsirli bir alət olduğunu bildirən nazir bu məsələni UNESCO-nun daim diqqətdə saxlamasının vacibliyini qeyd etmişdir.

Sonda Ə.Qarayev vurğulamışdır ki, UNESCO-nun ən mühüm konvensiyalarından biri hesab edilən 2003-cü il Konvensiyasının 10 illik yubileyi tədbirinə nümayəndə heyətimizin dəvət olunması qurumda Azərbaycana olan böyük hörmət və ölkəmizin təşkilatdakı nüfuzundan irəli gəlir.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri

Paris

Elanlar