az
en
Bu gün: 13 Dekabr 2017
Vitrin 3
Qarabağda, Xocavənd rayonundakı Azıx mağarasının ağzının təsviri fonunda yerləşdirilmiş qadın heykəlinin çənə hissəsində, həmin mağaradan tapılmış və 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü parçasının mulyajı qoyulmuşdur (əsli muzeyin Xüsusi fondunda saxlanılır). Yalnız üçüncü azı dişi bütöv qalmış, ikinci azı dişi qırılmış olan, Azıxantrop adlandırılan ibtidai insana məxsus bu çənə parçasını 1968-ci ildə tarixçi-arxeoloq Məmmədəli Hüseynov aşkar etmişdir. Alimlərin dünyada dördüncü hesab etdikləri, erkən paleolit dövrünə aid olan bu nadir tapıntının yaşı azərbaycanlı paleontoloq Dəmir Hacıyev, eləcə də fransız alimi Lümleyn tərəfindən təsdiq olunmuş, bu səbəbdən də Azərbaycan ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
Həmin vitrində Afrikadakı Olduvay mədəniyyəti ilə eyni dövrə düşən Azərbaycana məxsus Quruçay mədəniyyətinə (1,8 - 1,5 milyon il əvvəl) aid, Azıx mağarasının III-X təbəqələrindən tapılmış çaydaşı və çaxmaqdaşından əmək alətləri və ovlanmış heyvan sümükləri də nümayiş olunur.
Arxeoloqlar Azıx mağarasında Azərbaycan ərazisini dünyanın ilk insan məskənlərindən biri kimi təsdiq edən daha bir mühüm kəşf etmişlər: bu  - müxtəlif dövrlərə aid beş ocaq yeridir. Ümumi rəyə görə, Azıx ocaqlarının 700-500 min yaşı var. Vitrində azıxantrop qadının önündə yanan od da həmin ocaqlara işarədir. 

   
Elanlar