az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 4
Azərbaycanın paleolit, mezolit və neolit (ən qədim dövrdən e.ə. VI minilliyə qədər) dövrləri abidələrində aşkar edilmiş əmək alətləri nümayiş olunur. Qarabağ (Azıx, Tağlar), Naxçıvan (Qazma), Qazax (Damcılı, Daşsalahlı) paleolit düşərgələrində tapılmış çaxmaqdaşı və dəvəgözündən olan əmək alətləri, xammal və nukleuslar vitrinin aşağı podiumunda yerləşdirilmişdir.
Həmin vitrinin orta podiumundakı əmək alətləri yer üzündə buzlaqların əriməsindən sonrakı mezolit - orta daş dövrünə (e.ə. 12-8 minilliklər) həsr olunmuşdur. Ox və kamanın kəşf olunduğu, daş alətlərin təkmilləşdiyi, daha kiçik ölçülü alətlərin - mikrolitlərin meydana çıxdığı bu dövrün izləri daha çox Qazaxın Damcılı mağarasında və Bakının 60 km-liyində yerləşən Qobustanda qalmışdır. Bunlar həmin vitrindəki mikrolitlər və ox ucluqlarıdır. Qobustan ərazisində aparılmış arxeoloji qazıntılar, eləcə də oradakı qayaüstü təsvirlər - petroqliflər ibtidai insanın həyat və məişətindən, dövrün flora və faunasından xəbər verən, bəşər mədəniyyətini zənginləşdirən dəyərsiz töhfələrdir.
Zalın mərkəzi divarındakı ekranda Bakı şəhərindən 60 km aralıda yerləşən Qobustan abidələrinə həsr olunmuş film nümayiş edilir. Hələ 1939 ildə qeydə alınmış, dünyada məşhur olan Qobustan kompleksində 1947 ildən başlayaraq geniş tədqiqat işləri aparılır. Bu günə qədər burada Üst Paleolit dövründən orta əsrlərə qədər uzun bir dövrü əhatə edən 6 mindən çox müxtəlif mövzulu qayaüstü təsvirlər, ibtidai insan düşərgələri, qədim yaşayış yerləri və dəfn abidələri aşkara çıxarılaraq tədqiq edilmişdir.  
4-cü vitrinin üst podiumunda təqdim edilən əmək alətləri yeni daş və ya neolit dövrünə (e.ə. 8-6 minilliklər) aiddir. Buzlaqların tamam çəkildiyi, qalın meşələrin, dərin çay və göllərin yarandığı, daha xırda heyvanların yayıldığı həmin dövrdə bu vaxtadək yalnız ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlar balıqçılıq, dulusçuluq və toxuculuq  etməyi öyrənmiş, ədəbiyyatda «neolit inqilabı» adlanan istehsal təsərrüfatını mənimsəmişlər. Əkinçilik və maldarlığın inkişaf yoluna qədəm qoyduğu bu dövrə aid Damcılı (Qazax), I Kültəpə (Naxçıvan) və b. abidələrdən tapılan daş toxalar, dənəzən, dəvəgözü və çaxmaqdaşından düzəldilən müxtəlif əmək alətləri, eləcə də ox ucu, daha çox duz mədənlərində istifadə olunan daş gürzlər həmin vitrinin üst podiumunda nümayiş edilir.


   
Elanlar