az
en
Bu gün: 13 Dekabr 2017
Vitrin 13
Zala girişlə üzbəüz vitrindəki (№13) eksponatlar son tunc ilk dəmir dövrünə (e.ə. XIII-VIII əsrlər) aiddir. Azərbaycanda Xocalı-Gədəbəy, Talış-Muğan və Naxçıvan mədəniyyətləri bu dövrdə meydana çıxmışdır. Qazıntılar zamanı bu mədəniyyətlərə aid yaşayış yerlərindən və qəbir abidələrindən dulus çarxlarında hazırlanan müxtəlif təyinatlı irili-xırdalı saxsı qablar aşkar olunmuşdur.
Vitrinin sol tərəfində yerləşdirilmiş ən üst podiumda nümayiş olunan (Gillikdağ-Gəncə, Göygöl) və çox güman, xüsusi mərasimlərdə və ayinlərdə işlədilən qara rəngli saxsı qabın üstü cızma üsulu ilə magik xarakterli cizgilərlə naxışlanmış, cızıqlar ağ maddə ilə inkrustasiya olunmuşdur.
Bu vitrində nümayiş etdirilən, Mingəçevir və Vardanlıdan (Oğuz) tapılan qulplu nehrələr maldar tayfaların təsərrüfatında geniş işlənilmişdir. Həmin tayfaların istifadə etdikləri gil arabanın modeli vitrinin ən yuxarı podiumunda qoyulmuşdur. Vitrinin arxa divarındakı makrofoto da Mingəçevirdə aşkar olunmuş həmin gil araba modelini əks etdirir. Təkərlər üzərində yerləşdirilmiş belə alaçıqlı araba-evlərdən maldarlar bir otlaqdan digərinə və ya qışlaqdan yaylağa və əksinə köç zamanı istifadə edirdilər. Arabanın təkərləri, heyvan qoşulması üçün boyunduruğu, alaçığın isə tüstü bacası aydın görünür. Azərbaycanın qədim sakinləri təsərrüfatda işlətdikləri alaçıq-arabaların gil modelini başqa əşyalarla birlikdə qəbirə qoymaqla axirət dünyasına inamlarını bildirirdilər.
Dövrün abidələrindən tapılan və ekspozisiyada nümayiş etdirilən eksponatlar əcdadlarımızın əkinçilik, balıqçılıq, eləcə də sənətin digər müxtəlif sahələrində böyük uğurlar əldə etdiklərini təsdiq edir. Xocalıdan tapılan gil qabın qulpundakı buğda təsviri əkinçilik mədəniyyətinin yüksək inkişafını göstərirsə, vitrindəki Mingəçevirdən tapılmış balıqçı ağırlığı balıqçılığın əvvəlki dövrlərdə olduğu kimi ənənəvi olaraq insanların əsas məşğuliyyətlərindən biri olduğunu təsdiqləyir.
E.ə. II minilliyin sonu I minilliyin əvvəli bəşər cəmiyyətinin tarixində yeni dövrün başlanması ilə əlamətdardır: insanların məişətinə dəmir daxil olur. Tunc dövrünün başlanğıcında metalişləmənin bir çox sirlərinə vaqif olan yerli tayfalar dəmirin hasil edilməsi və işlənilməsini də mənimsədilər. Qazıntılar zamanı Mingəçevirdə, Şəmkirdə və Qazaxda aşkar olunan təbərzin və ox ucu tökmək üçün işlədilən daş qəliblərin və daş çömçənin tapılması qədim Azərbaycan sakinlərinin metalişləmə sahəsində uğurla çalışdıqlarını təsdiq edir. Vitrinin sağ tərəfində təqdim edilən, qum daşından düzəldilmiş qəlib isə iki maralın başının təsviri olan müəyyən əşyanın tökülməsi üçün istifadə edilirdi. Mingəçevir və Daşkəsəndən aşkar olunmuş toxuculuq alətləri - daş və təbaşirdən düzəldilən əyircəklər, eləcə də paltar, ayaqqabı və s. tikmək üçün işlədilən sümük və tunc bizlər və iynələr də bu  vitrində nümayiş edilir.
Vitrində, həmçinin, son tunc dövrünə aid Çovdardan (Daşkəsən) tapılan mis qazan, Mingəçevir və Vardanlıdan tapılan öküz buynuzu formalı ocaq qurğuları da təqdim olunur.

 

Elanlar