az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 46
643-cü ildən başlayaraq tarixi Azərbaycan ərazisi mütəmadi olaraq ərəb işğalına məruz qaldı. Divardakı 46№-li tabloda Azərbaycanın Xilafətə siyasi tabeliyini göstərən və xəlifə Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsinin Azərbaycan mərzbanı ilə bağladığı sülh müqaviləsinin qədim kufi yazısı ilə mətni və Azərbaycan dilinə tərcüməsi verilmişdir. Müqavilədə yerli əhaliyə müəyyən şərtlərlə aman verilməsi, cizyə-can vergisi müqabilində «əhli kitab» adlandırılan xristian və yəhudilərin, eləcə də ilk vaxtlar zərdüştilərin ibadət və ayin sərbəstliyinə məhdudiyyət qoyulmaması, uşaq və qadınların, xroniki xəstələrin və zahidlərin can vergisindən azad edilməsi və s. vardı.
Tablo ilə üzbəüz divarda rəssam Sadıq Şərifzadənin çəkdiyi «Babək» portreti asılmışdır (№46). IX əsrin əvvəllərində Xilafətə qarşı yönəldilən dini-siyasi hərəkatlar içərisində «ədalətli cəmiyyət» yaratmaq şüarı ilə çıxış edən xürrəmilər hərəkatının görkəmli xadimi azərbaycanlı Babək olmuşdur. Onun başçılığı ilə 21 il (816-837) davam edən silahlı mübarizə nəticəsində Ərəb Xilafətinə ağır zərbə dəymiş, üsyanın yatırılmasına baxmayaraq, Xilafətin zəifləməsi və ayrı-ayrı müstəqil və yarımmüstəqil dövlətlərin yaranması prosesi xeyli sürətlənmişdi. Az sonra Azərbaycan ərazisində də yerli feodal dövlətlər (Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər sülalələrinin başçılıq etdikləri dövlətlər, Arsax-Xaçın və Dərbənd məliklikləri) meydana gəlmişdi. Şəklin altındakı şüşə vitrində Babək dövrü qılınclarına oxşadılan, XIX yüzildə düzəldilmiş düztiyəli qılınc nümayiş olunur.

 
   
Elanlar