az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 53
XI əsrin ortalarında oğuz türklərindən olan səlcuqların Azərbaycana gəlməsi ilə xalqın mədəni-etnik tarixində mühüm dönüş baş verdi. Azərbaycan türk xalqının və dilimizin formalaşma prosesi tam başa çatdı, İslam dininin mövqeyi möhkəmləndi. Sultan Məlikşahın (1072-1092) dövründə şimallı-cənublu Azərbaycan torpaqlarının da daxil edildiyi Səlcuq-Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə çatdı. Bir qədər əvvəl Rəvvadi və Şəddadi hökmdarlarına məxsus Azərbaycan və Arran vilayətlərini sultanın təyin etdiyi səlcuq əmirləri idarə etməyə başladı. Yalnız Şirvanşah Fəribürzün siyasi çevikliyi Səlcuqilərdən vassal asılılıqda olan Şirvanın dövlətçiliyini saxladı. Azərbaycan feodal Şəddadilər dövlətinin Gəncədəki hakimiyyətinə son qoyuldu. 53№li vitrində Səlcuq dövrü məişət əşyalarından olan və «Səlcuq qazanları» adı ilə məşhur qazanlardan (Şəki, Quba) birinin kənarında kufi xəttilə ərəb dilində «Misgər Əhməd ibn Məhəmmədin işidir» sözləri həkk olunmuş, qalan hissələr nəbati və həndəsi ornamentlə bəzədilmiş, qazanın altına üç ədəd ayaq bənd edilmişdir. Bu vitrində səlcuq dövrünə aid tunc həvəng (Naxçıvan) və çıraq da (Şirvan) nümayiş olunur. Metal məmulatının üzərində kufi xəttilə ərəb dilində yazılar var.

 
   
Elanlar