az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 66
66№li vitrində Azərbaycan tarixində xüsusi yeri olan oğuz-türk mənşəli Qaraqoyunlu və Ağqoyunlu süvari döyüşçülərinin müdafiə və hücum silahları təqdim olunur. Müdafiə silahları manekenə geydirilmiş yaraq, sinəbənd, qolçaq, dəbilqə, şeşpər və qalxandan ibarətdir. Dəbilqənin şiş ucu döyüşçünü yuxarıdan endirilən parçalayıcı zərbələrdən qoruyur, maili olan yan tərəflərə zərbə dəydikdə isə düşmənin qılıncı sürüşürdü. Dəbilqənin ön hissəsinə polad burunluq elə bərkidilib ki, onu qaldırıb-salmaq olur. Burunluğun əsas vəzifəsi sifəti üfüqi zərbələrdən qorumaq idi. Dəbilqənin yanlarına bərkidilən bərm, yəni polad halqalardan toxunmuş tor, boyun, boğaz, qismən də çiyinləri kəsici zərbələrdən qoruyurdu. Nümayiş etdirilən halqalı qısaqol köynək - yəni yaraq da kəsici zərbələrə qarşı ən etibarlı müdafiə geyimi hesab olunur lakin düşmənin nizə zərbələrindən qoruya bilmirdi. Bu çatışmazlığı aradan qaldırmaq məqsədi ilə halqalı köynəyin üstündən sinəbənd geyilirdi. Nümayiş etdirilən şeşpər düşmənə güclü zərbələr endirmək üçün nəzərdə tutulmuşdu. Vitrindəki xəncər, qılınclar, nizə ucluqları və təbərzinlər isə hücum silahlarıdır.

 
   
Elanlar