az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 90-93

Bu zalda XVI-XIX əsrlərə aid kənd təsərrüfatı materialları nümayiş etdirilir. O dövrdə əkinçilikdə istifadə olunan zalın sağ tərəfində təkəri nümayiş etdirilən qara kotana 6-8 cüt öküz qoşulurdu. Azərbaycanda əsas əkinçilik sahələrindən biri də çəltikçilik idi. Çəltik podiumda qoyulmuş ding vasitəsilə döyüldükdən sonra qabığı təmizlənir, həsirin üstünə sərilir, qurudulduqdan sonra təsərrüfat küpünə yığılır və qışa saxlanırdı.

Azərbaycanda əkinçiliklə yanaşı bağçılıq, bostançılıq və heyvandarlıq da geniş inkişaf etmiş təsərrüfat sahələrindən idi. Orta əsr müəlliflərinin məlumatları və arxeoloji qazıntıların nəticələri də bunu təsdiq edir. XVII əsr türk səyyahı Övliya Çələbi təkcə Naxçıvanın Qarabağlar kəndində bir bağda armudun 26 növünün yetişdiyini xəbər verir. Meyvə ekspozisiyada nümayiş olunan səbətlərə yığılır və daşınır, gillələrin içində təndirdə qurudulurdu. Meyvənin çəkisini bilmək üçün həsir tərəzilərdən istifadə edilirdi. Payızda ağac budaqlarının kəsilməsində ekspozisiyada təqdim edilən dəhrədən, bostanı alaq otlarından təmizləmək üçün dəmir kətmənlərdən, bel və dəryazdan istifadə olunurdu.

Azərbaycanda əsasən köçmə və yarımköçəri maldarlıq forması mövcud olmuşdur. Əhali ekspozisiyada nümayiş olunan tuluq, saxsı və ağac nehrələrdən istifadə etməklə yağ hasil edir, pendiri, qoyun dərisindən hazırlanmış motalda saxlayırdı. Azərbaycanda dəvəçilik də inkişaf etmişdi. Dəvənin belinə yükü örkən-doğanaqla bağlayırdılar. Heyvanlarının dəyişik düşməməsi üçün maldarlar şəxsi damğalardan istifadə edirdi. Arıçılıq da geniş yayılmışdı. Ekspozisiyada nümayiş etdirilən arı səbəti çubuqdan toxunmuş, soyuqdan qorumaq məqsədi ilə üstü təzəklə suvanmışdır. Arıçılar əldə etdikləri balı səbətin yanında qoyulmuş saxsı küpə tökürdülər.  Divarda asılmış iki şəkildən biri rəssam L.Knitin “Yaylaqdan dönüş”, o biri isə rəssam Vəcihə Səmədovanın “Xaçbulaq yaylağından görünüş” tablolarıdır.

 

 
   
Elanlar