az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 113

1801-1828-ci illərdə Rusiya ordusunun zabit və əsgərlərinə məxsus əşyalar da nümayiş olunan 113№-li horizontal vitrində imperatorun portreti olan çanta, üzərində imperator I Aleksandrın venzeli olan parça, imperator I Nikolayın büstü, general İ.F.Paskeviçin 1827-ci ildə müsəlmanlara müraciəti nümayiş etdirilir. Eksponatlar sırasında qraf M.S.Vorontsova məxsus  xəncər də maraq doğurur.

1827-ci il sentyabrın 20-də rus ordusu uzun illərdən bəri azərbaycanlıların inadla qoruduqları İrəvan xanlığına məxsus Sərdarabad qalasını ələ keçirdi. Həmin vitrində qoyulmuş «Yelizavetpol döyüşü», «Təbrizin alınması», «Türkmənçay sülhü» xatirə medalları, eləcə də «Fərqlənməyə görə», «Sədaqətə görə», «Səylə xidmətə görə» medalları 1801-1828-ci il hadisələrinə aiddir. Vitrində Türkmənçay müqaviləsinin imzalanması ilə bağlı I Nikolayın fərmanı təqdim olunur.

Həmin vitrinin yanındakı stenddə Rusiya-İran müharibələrinin nəticəsi olan Türkmənçay müqaviləsi təqdim olunmuşdur. 1828-ci il Türkmənçay müqaviləsinin şərtinə görə, Araz çayı sərhəd olmaqla Azərbaycan ərazisi iki hissəyə - Şimali (Qafqaz) və Cənubi (İran) Azərbaycana parçalandı. 30 milyondan çox azərbaycanlı bu gün də Cənubi Azərbaycanda (müasir İran İslam Respublikasının ərazisində) yaşayır. Stenddə V.Maşkovun “Türkmənçay danışıqları” və “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” şəkilləri asılmışdır.

Zalın divarındakı stend ermənilərin Azərbaycana köçürülmə tarixinə həsr olunmuşdur. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə İran şahının tabeliyinə keçən Azərbaycan xanlıqları ərazisində yaşayan və müharibə vaxtı Rusiyanın tərəfini saxlayan şəxslər cəzalandırılmamalı, onların bir il müddətində imperiyanın tərkibinə daxil edilən ərazilərə köçməsinə maneçilik törədilməməli, daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə beş il vaxt verilməli idi. Bunun nəticəsində bir çox erməni ailəsinin Rusiyanın icazəsi ilə Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan, Şəki və Şamaxı xanlıqlarının ərazilərində yerləşdirilməsi başlandı. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən 84 min erməni köçürülür. 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4 %-ni ermənilər təşkil edirdisə, köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8, ermənilərinki isə 34,8% oldu.

 
   
Elanlar