az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 115

Azərbaycanın ən döyüşkən oğullarını orduya götürməklə çar Rusiyası mümkün üsyanların qarşısını almaq məqsədi güdürdü. Bu döyüşçülərin igidliyini təsdiq edən general İ.F.Paskeviç  imperatora raportunda yazırdı: «Əlahəzrət İmperator qarşısında müsəlman alaylarının əla igidliyi barədə şahidlik etməyi öz borcum hesab edirəm Bütün döyüşlərdə onlar əla igidliklə vuruşur, hücumda hər zaman irəlidə olurlar. Qənimət alınan topların, bayraqların və əsirlərin əksəriyyətini onlar  götürmüşdür». 1830-cu ildə bu alaylara fəxri bayraqlar təqdim edilmiş, ən yaxşı döyüşçülər İmperatorun Şəxsi Mühafizə Konvoyunun azərbaycanlılardan ibarət eskadronuna xidmətə cəlb edilmişdilər. Girişin sol tərəfindəki paneldə İmperatorun Şəxsi Mühafizə Konvoyunun azərbaycanlı zabiti Xəlil ağa Vəkilovun fotoşəkli asılmışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında azərbaycanlıların Rusiya ordusu tərkibində xidmətini təsdiqləyən, həmçinin Azərbaycan alaylarının döyüş fəaliyyətini əks etdirən eksponatlar, o cümlədən bayraqlar qorunmaqdadır.  115№-li vitrində belə bayraqlardan biri - Şirvan atlı milis dəstəsinin bayrağı və onun ucluğu nümayiş etdirilir. Burada həmin dəstəyə fəxri bayraq verilməsinə dair imperator I Nikolayın fərmanı, dörd atlı-müsəlman alayına və Kəngərli süvarilərinə fəxri bayraq verilməsi ilə bağlı İ.Paskeviçin müraciəti, kapitan Hüseyn bəy Şixəli bəy oğlu Şirvanlının 14 oktyabr 1830-cu ildə Müqəddəs Vladimir ordeninin 4-cü dərəcəsi ilə təltif edilməsi, Mir Əli bəy Talışinskiyə podporuçik rütbəsinin verilməsi barədə imperator fərmanları da nümayiş etdirilir.

İmperatorun Şəxsi Mühafizə Konvoyunun azərbaycanlılardan ibarət eskadronunun zabit və əsgərlərinin hərbi geyimi 1917-ci ilədək dəyişilməz qalmışdır. Həmin vitrinin sağ tərəfindəki manekenə azərbaycanlı zabitin paltar və silahları taxılmış, onun yanındakı (№11) podiumda isə at yəhəri qoyulmuşdur. Azərbaycanlı zabit və əsgərlər Rusiya ordusu tərkibində imperiyanın 1828-ci ildən 1917-ci ilədək apardığı bütün müharibələrdə iştirak etmiş, Rusiyanın orden və medalları ilə təltif edilmişlər. Həmin vitrində azərbaycanlı döyüşçülərin layiq görüldükləri müxtəlif təltif nişanları da qoyulmuş, polkovnik Həsən bəy Ağalarovun rəssam Kaniyevski tərəfindən 1856-cı ildə çəkdiyi portreti  asılmışdır.

114№-li vitrinin sağ tərəfindəki paneldə rəssam Q.Qaqarinin XIX əsrin 30-cu illərində çəkdiyi İmperatorun şəxsi mühafizə konvoyunun azərbaycanlı zabitinin  rəsmi asılmışdır. XIX əsr rus tarixçisi P.Zubovun yazdığına görə, azərbaycanlılar silahı böyük məharətlə işlədirlər, əla süvaridirlər, qoçaq və qorxmazdırlar və bunu son müharibələrdə təcrübədə sübut ediblər.

Vergi və mükəlləfiyyətlərin artırılması, natural vergilərin pul vergisi ilə əvəz edilməsi, komendant və məmurların özbaşınalıqları, erməni, rus və almanların Azərbaycana köçürülərək ən münbit torpaqlarda yerləşdirilməsi vəziyyəti dözülməz etmişdi. Vitrində Ryazan quberniyasından Azərbaycana köçürülən rus kəndlisinin yol vərəqəsi (№5), Tambov quberniyasından köçürülmüş kəndlinin pasport kitabçası (№6), rus kəndli ailəsinin dəmiryol şəxsiyyət vəsiqəsi (№7) qoyulmuşdur. Əhali mövcud duruma qarşı etirazını ilk növbədə xahiş və şikayətnamələr (№3) vasitəsilə bildirirdi.

 

   
Elanlar