az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 167

Rusiyada yaradılmış Sovet dövlətinə xidmət edən, əsasən, qeyri-azərbaycanlılardan təşkil olunan Bakı Sovetinin əsas məqsədi Azərbaycan milli demokratiyasına zərbə vurmaq, Bakını Azərbaycandan ayırmaq, Sovet Rusiyasının dayağına çevirmək idi. Bu siyasətin həyata keçirilməsində onların müttəfiqi Erməni Milli Şurası və «Daşnaksütun» partiyası idi. Bakı Sovetinin ilk fəaliyyətlərindən biri azərbaycanlıların məhv edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsi oldu. Onun tabeçiliyində «Qırmızı qvardiya» adlandırılsa da, əsasən ermənilərdən təşkil edilən 20 minlik  qoşun vardı. Azərbaycanın yerli əhalisinə qarşı hələ 1917-ci ilin sonlarından başlayan soyqırım siyasətinin 1918-ci ilin mart ayından bəri daha genişlənmiş, Bakı qarışıq bütün ölkəni bürümüşdü. 1918-ci il Mart soyqırımına həsr olunmuş 167№-li vitrində Məlikşahnazarovun hərbi mükəlləfiyyət haqqında sənədi, Bakı Milis Komissarı tərəfindən verilən pasport, Muğanda bolşeviklərin yaratdığı separatçı qurumun istiqraz vərəqələri və s. nümayiş etdirilir. Vitrində milli qırğına rəhbərlik məqsədilə Bakı Soveti nəzdində yaradılmış İnqilabı Müdafiə Komitəsinin 25 mart 1918-ci il və Sentrokaspi diktaturasının 6 avqust 1918-ci il bülletenləri də nümayiş etdirilir. Vitrinə qoyulmuş “Mauzer”, “Smit-Vesson” tapançaları, “Reminqton” şirkətinin istehsal etdiyi piyada tüfəngi, Amerika istehsalı olan top mərmisi bolşevik-erməni dəstələri və  ingilis qoşunları tərəfindən istifadə olunurdu.

1918-ci il mart qırğını günlərində ermənilər dinc əhalini qırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər binaları yandırırdılar. Bakıda yalnız aprelin 2-də səngiyən soyqırım nəticəsində 12 min azərbaycanlı qətlə yetirilmişdi. Ermənilər təkcə Bakıda deyil, Azərbaycanın demək olar bütün qəzalarında, o cümlədən Şamaxıda, Qubada, Zəngəzurda, Qarabağda, eləcə də Cənubi Azərbaycanın Urmiya, Xoy və b. yerlərində də qırğınlar törədirdilər. Ümumiyyətlə, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilmişdi.

 
   
Elanlar