Muzeyin inciləri
Mingəçevirdə aşkar edilmiş gil araba modeli
Mingəçevirdə aşkar edilmiş gil araba modeli

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan maraqlı arxeoloji nümunələrdən biri Mingəçevirdə aşkar edilmiş gil araba modelidir. Təxminən üç min il əvvələ aid edilən bu tapıntı qədim dövrdə təkərli nəqliyyatın inkişafı, təsərrüfat həyatı və dəfn adətləri haqqında təsəvvür yaradır.

Model 1947-ci ildə Mingəçevir arxeoloji ekspedisiyasının rəhbəri, görkəmli arxeoloq Saleh Qazıyev tərəfindən dağıdılmış torpaq qəbirdə aşkar edilmişdir. E.ə. IX–VII əsrlərə, son tunc – ilk dəmir dövrünə aid edilən bu nümunə qədim sənətkarlıq ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əl ilə hazırlanmış model sadə quruluşu və özünəməxsus forması ilə seçilir. Uzunsov ellips formalı gövdəsi iki təkər üzərində yerləşir. Ön hissəsində trapesiyaşəkilli dəlik açılmışdır. Ümumi görünüşünə görə üstüörtülü arabanı xatırladan modelin bikonik formalı təkərləri qədim nəqliyyat vasitələrində istifadə olunan bütöv taxta təkərlərin kiçildilmiş təsviridir. Açıq-boz rəngli gildən hazırlanmış nümunənin səthi naxışsızdır. Zədələnmiş vəziyyətdə aşkar edilmiş model sonradan bərpa olunmuşdur.

Araba modellərinin qəbir abidələrində aşkar edilməsi onların yalnız məişət və təsərrüfat həyatı ilə deyil, həm də qədim insanların dini-mifoloji təsəvvürləri ilə əlaqəli olduğunu göstərir. Qədim cəmiyyətlərdə araba yükdaşımada və köç proseslərində mühüm nəqliyyat vasitəsi olmaqla yanaşı, sosial mövqe və nüfuz göstəricisi kimi də qəbul edilirdi. Tədqiqatçılar belə modellərin dəfn mərasimlərində istifadəsini mərhumun axirət dünyasına səfəri ilə bağlı inanclarla əlaqələndirirlər.

Mingəçevirdən tapılmış gil araba modeli e.ə. I minilliyin əvvəllərində Kür hövzəsində məskunlaşmış əhalinin nəqliyyat vasitələri, təsərrüfat fəaliyyəti və dəfn ənənələrinin öyrənilməsi baxımından dəyərli arxeoloji mənbədir.

Eksponat haqqında məlumat
Adı:
Mingəçevirdə aşkar edilmiş gil araba modeli
Dövr:
e.ə. IX–VII əsrlər
Tapıldığı yer:
Mingəçevir, dağıdılmış torpaq qəbir
Ölçüləri:
Hündürlüyü 9,5 sm, uzunluğu 20,5 sm
İnventar nömrəsi:
AF 24343