Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan maraqlı kiçik plastika nümunələrindən biri İsmayıllı rayonunun Mollaisaqlı kəndində aşkar edilmiş tunc öküz fiqurudur.
2002-ci ildə təsadüfən tapılmış bu arxeoloji nümunə e.ə. IV – b.e. I əsrlərə, antik dövrə aid edilir. Hündürlüyü cəmi 6,2 sm olan fiqur qədim metallişləmə sənətinin inkişaf səviyyəsini, eləcə də dövrün dini-mifoloji təsəvvürlərini əks etdirməsi baxımından xüsusi maraq doğurur.
Fiqur incə işlənmə texnikası və dekorativ elementləri ilə seçilir. Öküzün gözləri nöqtəvari çıxıntılar şəklində təsvir edilmiş, irəli yönəlmiş buynuzlarının ucları yuxarıya doğru qaldırılmışdır. Uzunsov boynu spiralvari zolaqlarla, sinə hissəsi isə üçbucaq formalı ornamentlərlə bəzədilmişdir. Quyruğu uzun və sallanmış vəziyyətdə işlənmişdir.
Fiqurun bel hissəsində spiralvari naxışlarla bəzədilmiş saplaqlı ilgək, qarın nahiyəsində isə ikinci, halqavari ilgək yerləşir. Bu konstruktiv xüsusiyyətlər onun asma bəzək əşyası kimi istifadə edildiyini göstərir. Ehtimal olunur ki, aşağı hissədəki halqaya əlavə bəzəklər və ya muncuqlar bərkidilmişdir.
Qədim dövrlərdə öküz gücün, bərəkətin və məhsuldarlığın rəmzlərindən biri hesab olunurdu. Bu heyvanın təsvirlərinə müxtəlif bəzək və ritual əşyalarında rast gəlinməsi onun dini-mifoloji təsəvvürlərdə mühüm yer tutduğunu göstərir. Mollaisaqlıdan tapılmış fiqurun da qoruyucu amulet kimi istifadə edildiyi, sahibini bəd nəzərdən qoruduğuna, ona uğur və bolluq gətirdiyinə inanıldığı ehtimal edilir.
Bədii tərtibatı və simvolik məzmunu ilə seçilən bu tunc fiqur antik dövrdə Azərbaycan ərazisində metallişləmə və kiçik plastika sənətinin öyrənilməsi baxımından əhəmiyyətli arxeoloji nümunələrdən biridir.