Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Tailand Krallığının mədəniyyət nazirinin müavini Poj Harnpol, Mədəniyyət Nazirliyinin baş mütəxəssisi Veeraya Intase və mütəxəssisi Natcha Thubtimtong Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin tarixi ekspozisiyası ilə tanış olublar. Ekskursiya zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid maddi-mədəni irs nümunələri və muzeyin zəngin kolleksiyası haqqında məlumat verilib.
Daha sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin Memorial Muzeyinə baş çəkiblər. Burada Tağıyevin yaşayış otaqlarının dövrün xüsusiyyətlərini əks etdirən bərpa edilmiş interyerləri ilə tanış olublar. Ekskursiya zamanı görkəmli xeyriyyəçinin həyatı və fəaliyyəti, sahibkarlıq, xeyriyyəçilik və maarifçilik sahəsində gördüyü işlər barədə məlumat verilib. Ekskursiyanı Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili” şöbəsinin bələdçisi Ayxanım Xəlilova aparıb.