XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
13 Noyabr, 2026
Muzeydə Konstitusiya Gününə həsr olunmuş interaktiv dərs keçirilib

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə İdrak liseyinin şagirdləri üçün maarifləndirici interaktiv dərs keçirilib.
Dərsi şöbənin baş mütəxəssisi Qənirə Qafarlı aparıb. Şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul tarixi, dövlətçilik tariximizdə yeri və əhəmiyyəti, vətəndaşların hüquq və vəzifələri barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasındakı rolu, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası məsələlərinə də toxunulub.
Dərs çərçivəsində şagirdlər Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və Muzeyin ekspozisiyası ilə tanış olub, tarixi materiallar haqqında məlumat əldə ediblər.
Tədbirin davamında şöbə müdiri Fəridə Şəmsi, baş mütəxəssislər Qənirə Qafarlı və Ülviyyə Niftəliyevanın iştirakı ilə mövzuya uyğun kvest və kviz təşkil olunub. İnteraktiv tapşırıqlar vasitəsilə şagirdlər biliklərini sınayıb və möhkəmləndiriblər.
Belə maarifləndirici və interaktiv dərslərin keçirilməsində əsas məqsəd şagirdlərdə tarixi yaddaşın, hüquqi biliklərin və milli dövlətçilik dəyərlərinə hörmətin formalaşdırılmasıdır.