17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə muzeyin ekspozisiya zallarında maarifləndirici dərs keçirilib.
Dərsdə Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Dərsi aparan şöbənin baş mütəxəssisi Ülviyyə Niftəliyeva şagirdlərə Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti, 1988-ci ildə Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatı və xalqın müstəqillik uğrunda mübarizəsi barədə məlumat verib. O, həmin dövrdə baş verən ictimai-siyasi hadisələrin milli özünüdərkin güclənməsində və Azərbaycanın dövlət müstəqilliyinin bərpasında mühüm rol oynadığını vurğulayıb.
Dərsdən sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini və Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını ziyarət ediblər. Ekskursiya zamanı onlar Azərbaycanın müxtəlif tarixi dövrlərini, dövlətçilik ənənələrini, görkəmli şəxsiyyətlərinin fəaliyyətini və zəngin mədəni irsini əks etdirən eksponatlarla tanış olublar.