Sərgilər və tədbirlər
13 Noyabr, 2026
“Qazaxların ənənəvi mədəniyyəti” sərgisi

13 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyi tərəfindən hazırlanmış “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgisinin açılış mərasimi oldu.

Sərgidə Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin kolleksiyasından qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini və sənətkarlıq irsini əks etdirən etnoqrafik eksponatlar nümayiş olunur.

Ekspozisiya qazax xalqının köçəri mədəniyyətinin tarixi xüsusiyyətlərini və Böyük Çölün çoxəsrlik etnomədəni ənənələrini əhatə edir. Sərgidə ənənəvi məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik məmulatları, keçə və toxuculuq nümunələri, milli geyimlər və bəzək əşyaları təqdim olunur.

Nümayiş etdirilən eksponatlar qazaxların maddi mədəniyyətini, ənənəvi sənətkarlıq üsullarını, ornamental motivlərini və estetik təsəvvürlərini əks etdirməklə yanaşı, etnomədəni irsin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması haqqında təsəvvür yaradır.

Sərginin Bakıda keçirilməsi Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, muzeylərarası əməkdaşlığın inkişafına və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə töhfə verir.

Sərgi 12 dekabr 2026-cı il tarixinədək davam edəcək.