21 oktyabr 2026-cı il tarixində Xəzər Universitetində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və universitetin birgə təşkilatçılığı ilə “Qarabağ və Şərqi Zəngəzur Türk-İslam Abidələri” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva “Qarabağ və Şərqi Zəngəzurun İslam epiqrafik irsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qarabağ və Şərqi Zəngəzurdakı dini, tarixi memarlıq və memorial abidələrin üzərindəki ərəb, fars və Azərbaycan türkcəsində olan kitabələr araşdırılıb. Kitabələrin tədqiqinin ilkin nəticələri və onların bölgənin tarixinin öyrənilməsindəki əhəmiyyəti barədə məlumat verilib.
Çıxışda Türk-İslam irsinin mühüm nümunələri olan bu abidələrin qorunmasının və elmi tədqiqinin vacibliyi vurğulanıb. Həmçinin epiqrafik irsin beynəlxalq elmi ictimaiyyətə tanıdılması və gələcək nəsillərə çatdırılması məsələlərinə toxunulub.
Məruzədən sonra iştirakçıların və tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda TİKA-nın tədbirin təşkilindəki rolu qeyd olunub. Həmçinin birgə elmi tədqiqatların aparılması, onların nəticələrinin nəşri, Türk-İslam abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.