Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Günel Ağa qızı Məmmədovanın “Azərbaycanın sovet dövründə hərbi elitası: müharibə və sülh kontekstində tarixi və bioqrafik tədqiqat (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı elmi məqaləsi 27 sentyabr 2026-cı ildə Bişkek şəhərində keçirilmiş “Qloballaşan dünyada müharibə və sülh” adlı beynəlxalq simpoziumun materialları toplusunda dərc olunub.
Məqalədə sovet dövründə Azərbaycanın hərbi elitasının formalaşması tarixi şərait və dövrün ictimai-siyasi prosesləri kontekstində araşdırılır. Tədqiqatda milli hərbi kadrların sovet ordusundakı fəaliyyəti və rolu da diqqət mərkəzində saxlanılır.
Araşdırmanın mənbə bazasını Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda və Sənədli mənbələr fondunda qorunan, indiyədək elmi dövriyyəyə daxil edilməmiş arxiv və şəxsi sənədlər təşkil edir. Bu materialların tədqiqi Azərbaycan hərb tarixinin öyrənilməsinə yeni bioqrafik məlumatlar qazandırır, eyni zamanda milli hərbi kadrların sovet ordusundakı fəaliyyətinin daha dolğun qiymətləndirilməsinə və Qafqaz tarixşünaslığında mövcud olan bəzi boşluqların aradan qaldırılmasına imkan yaradır.
Məqalənin beynəlxalq simpoziumun materialları toplusunda nəşri Muzeydə aparılan elmi tədqiqatların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətlidir. Simpoziumda iştirakına görə Günel Məmmədovaya sertifikat təqdim edilib.