Noyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Muzey üzrə ərazi təşkilatı və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Muzeyin rəhbərliyi və əməkdaşları, qazilər, şəhid ailələrinin üzvləri, gənclər və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Muzeyin mütəxəssisi, YAP ərazi təşkilatının üzvü Gülnar Fərhadova aparıb.
Tədbirdə Muzeyin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent, YAP ərazi təşkilatının sədri Bəhman Kərimov, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorunun tərbiyə işləri üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Murad Muradov, Muzeyin baş mütəxəssisi, YAP ərazi təşkilatının sədr müavini Pərvanə Əzimova və Azərbaycan Universitetinin IV kurs tələbəsi Xatirə Mustafalı çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyəti, Şuşanın azad edilməsinin hərbi-strateji rolu, xalqın milli birliyi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə toxunulub.
Tədbirdə şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, şəhid Əfqan Nəsirovun anası Kəmalə İsmayılova və şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova da çıxış edərək övladlarının həyat və döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Azərbaycan hərbçilərinin Vətən müharibəsində göstərdikləri qəhrəmanlığı əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycan Maliyyə-İqtisad Kollecinin məzunu Cəmilə Məmmədlinin ifasında “Ey Vətən” mahnısı səsləndirilib.