XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
20 Oktyabr, 2026
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Lətif Kərimov və Azərbaycan xalça sənətinin elmi tədqiqi” adlı elmi seminar keçirilib.

Seminarda muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova çıxış edərək Lətif Kərimovun Azərbaycan xalça sənətinin elmi əsaslarla öyrənilməsi və sistemləşdirilməsi sahəsindəki fəaliyyətindən bəhs edib. Çıxışda alimin xalçaların təsnifatı, kompozisiya və ornament xüsusiyyətlərinin araşdırılması, eləcə də Azərbaycan xalçaçılıq məktəblərinin tədqiqi istiqamətindəki xidmətləri diqqətə çatdırılıb. Onun çoxillik elmi və yaradıcılıq fəaliyyətinin milli xalça sənətinin zəngin irsinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyəti vurğulanıb.

Tədbirdə Xəzər Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri iştirak ediblər. Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı biliklərini yoxlamaq və möhkəmləndirmək məqsədilə viktorina təşkil olunub. Sualları fəal cavablandıran tələbələrə Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri təqdim edilib.