XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
11 Noyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılacaq
13 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyi tərəfindən hazırlanmış “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılacaq.
Sərgidə Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin kolleksiyasından qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini və sənətkarlıq irsini əks etdirən etnoqrafik eksponatlar nümayiş olunacaq.
Ekspozisiya qazax xalqının köçəri mədəniyyətinin tarixi xüsusiyyətlərini və Böyük Çölün çoxəsrlik etnomədəni ənənələrini əhatə edəcək. Sərgidə ənənəvi məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik məmulatları, keçə və toxuculuq nümunələri, milli geyimlər və bəzək əşyaları təqdim olunacaq.
Nümayiş etdiriləcək eksponatlar qazaxların maddi mədəniyyətini, ənənəvi sənətkarlıq üsullarını, ornamental motivlərini və estetik təsəvvürlərini əks etdirməklə yanaşı, etnomədəni irsin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması haqqında təsəvvür yaradacaq.
Sərginin Bakıda keçirilməsi Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, muzeylərarası əməkdaşlığın inkişafına və türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə töhfə verəcək.
Sərginin təntənəli açılış mərasimi 13 noyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.
Sərgi 12 dekabr 2026-cı il tarixinədək davam edəcək.
 
ƏLAQƏ MƏLUMATLARI
Milli Azərbaycan Tarixi Muzeyi
Ünvan: Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 4
Telefon: +994 (12) 598 17 41
E-poçt: aztarmuzey@medeniyyet.az