XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
15 Oktyabr, 2026
Şanxay Muzeyinin nümayəndə heyəti muzeyi ziyarət edib

15 oktyabr 2026-cı il tarixində Şanxay Muzeyinin (Çin Xalq Respublikası) nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olub.

Nümayəndə heyətinin tərkibinə Şanxay Muzeyinin Tunc şöbəsinin müdiri Van Yue (Wang Yue), həmin şöbənin kurator köməkçisi Li Venpin (Li Wenping) və Mədəni Mübadilə Ofisinin koordinatoru Syu Zıçen (Xu Zecheng) daxil olublar.

Qonaqları Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qəbul edib. Görüş zamanı iki muzey arasında əməkdaşlıq perspektivləri, peşəkar əlaqələrin inkişafı, elmi və mədəni sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin sonunda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin bələdçisi Ayxanım Xəlilova nümayəndə heyətinə ölkənin tarixi inkişaf mərhələləri, mühüm tarixi hadisələr və Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən eksponatlar haqqında məlumat verib. Ekskursiya zamanı tarix üzrə fəlsəfə doktorları Aygün Məmmədova və Nasir Quluzadə qonaqların suallarını cavablandırıblar. Səfər Azərbaycan və Çin muzeyləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, elmi bilik və təcrübə mübadiləsinin inkişafı, eləcə də tarixi-mədəni irsin qorunması və təbliği sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.