Azad Berlin Universitetinin (Freie Universität Berlin) Tarixəqədərki arxeologiya institutunun (Institut für Prähistorische Archäologie) doktorantı Emili Yefimova Milli Azərbaycan Tarixi Muzeyində elmi tədqiqat aparır. Onun araşdırması Qafqazda son eneolit və erkən tunc dövrlərində toxuculuq ənənələrinin və istehsalının öyrənilməsinə həsr olunub.
Tədqiqat Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə həyata keçirilən “Qafqazda son eneolit və erkən tunc dövrlərində iy başlıqları və toxuculuq məmulatları istehsalı (e.ə. 3800–2500-cü illər)” adlı doktorluq dissertasiyası çərçivəsində aparılır.
Muzeydə tədqiqatçı toxuculuq məmulatları istehsalı ilə bağlı arxeoloji materialları və qazıntı sənədlərini araşdırır. İş prosesi arxeoloji əşyaların təsvirini, fotoşəkillər və qrafik materiallar vasitəsilə sənədləşdirilməsini, arxiv mənbələrinin öyrənilməsini, eləcə də dövrümüzədək gəlib çatmış parça qalıqlarının qeydə alınmasını əhatə edir.
Muzeyin arxeoloji kolleksiyalarının və elmi sənədlərinin araşdırılması Qafqazda qədim tekstil istehsalının tarixinə dair yeni məlumatların əldə edilməsinə və dissertasiyanın elmi mənbə bazasının zənginləşdirilməsinə töhfə verəcək.